REGİONLAR
“Multikulturalizm” jurnalı Qubada təqdim olunub
Quba, 16 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalı Qubada təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Quba rayon Mərkəzi Kitabxanasında oxucuların, yazarların iştirakı ilə keçirilən təqdimatda jurnalın baş redaktoru Fəxri Uğurlu çıxış edərək, nəşrin bölmə və rubrikaları haqqında iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, nəşrin çap olunmasının əsas məqsədi Azərbaycanda əsrlərdən bəri formalaşan tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə verməkdir.
Diqqətə çatdırılıb ki, “Multikulturalizm” jurnalının ilk nömrəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının dərin məzmunlu, əhatəli məqalələri dərc olunub.
2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planına əsasən nəşr olunan ədəbi-bədii, elmi-publisistik jurnalın redaksiya heyətinə tanınmış dövlət və elm xadimləri, yazıçı və şairlər cəlb olunub. Beynəlxalq redaksiya şurasında Türkiyə, Rusiya, ABŞ, Fransa, Almaniya, Yaponiya, Braziliya, Portuqaliya, Finlandiya, İtaliya və başqa ölkələrin yazıçıları təmsil olunur.
Təqdimatda çıxış edənlər Azərbaycanın multikultural dəyərlərinin bütün dünyaya nümunə kimi göstərildiyini diqqətə çatdırıblar.