REGİONLAR
Multikulturalizm siyasəti ölkəmizdə vətəndaş həmrəyliyinin daha da möhkəmlənməsində mühüm rol oynayır
Ağcabədi, 12 iyul, AZƏRTAC
Müxtəlif millətlərin, etnik qrupların və dinlərin mövcud olduğu Azərbaycanda dilindən, dinindən, əqidəsindən asılı olmayaraq, hamı vahid bir ailənin üzvü kimi yaşayır. Bu baxımdan xalqımızın tolerantlığı bütün dünya ölkələrinə nümunə ola bilər. Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti ölkəmizin inkişafında, vətəndaş həmrəyliyinin daha da möhkəmlənməsində mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində 2016-cı ilin “Multikulturalizm ili” elan olunması ilə bağlı keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadənin “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda məruzəsi dinlənilib.
Məruzə və çıxışlarda ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edilib. Bildirilib ki, multikulturalizm Azərbaycanın dövlət siyasəti olmaqla yanaşı, həm də cəmiyyətin daxilinə sirayət edib, Azərbaycan xalqının həyat tərzinə çevrilib. Azərbaycanın multikulturalizm sahəsindəki təcrübəsinin həm öyrənilməsi, həm də təbliği bütövlükdə dünyada bu problemlə əlaqədar baxışların aydınlaşmasına kömək göstərə bilər.