SİYASƏT


“Multikulturalizm və insan haqları” mövzusunda konfrans keçirilib

 

Bakı, 10 dekabr, AZƏRTAC

Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Beynəlxalq Multikultural Şəbəkənin, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) birgə təşkilatçılığı ilə “Multikulturalizm və insan haqları” mövzusunda respublika elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin qəbul edilməsinin ildönümünə həsr olunan tədbirdə AƏSMA-nın rektoru, professor Hüseyn Qaraşov azərbaycanlıların multikultural ənənələrindən, “Multikulturalizm ili” çərçivəsində ölkədə həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, tolerant dövlət kimi tanınan Azərbaycanda müvafiq sahədə dünya ölkələrinə nümunə olan siyasət həyata keçirilir. Azərbaycanda dini hüquqların təməl prinsiplərindən olan tolerantlıq və multikulturalizm ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının dəyərlər sisteminin tərkib hissəsidir.

Sonra “Azərbaycan tolerantlıq modeli” mövzusunda videoçarx nümayiş etdirilib.

Tədbirdə Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev multikultural mühiti insan hüquq və azadlıqlarının təminatçısı kimi təqdim etməklə, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi üçün qəbul olunan qanunlar və onların işləmə mexanizmindən söhbət açıb. Diqqətə çatdırılıb ki, tarixə nəzər saldıqda, ən qədim zamanlardan indiki dövrədək bu ərazidə müxtəlif xalqların və dinlərin nümayəndələri sülh şəraitində birgə yaşayıblar. Həmin müxtəliflik və zənginlik hazırda da davam edir. Azərbaycandakı tolerantlıq və multikulturalizm beynəlxalq aləmdə rəğbətlə qarşılanır. Avropalı və amerikalı jurnalistlərin müəllifi olduqları yazılarda Azərbaycan mədəniyyətlərarası və dinlərarası tolerantlıq nümunəsi kimi qeyd edilir.

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi üçün qəbul edilən qanunlar və onların işləmə mexanizmindən bəhs edən İ.Vəliyev vurğulayıb ki, respublikanın Konstitusiyasında müxtəlif etnik qruplara mənsub olan insanların Azərbaycan vətəndaşı kimi çıxış etmələri üçün kifayət qədər hüquqi əsaslar var. Ölkəmizdə hər kəsin öz dini etiqadını və əqidəsini ifadə etmək hüququ var. Konstitusiyanın 18-ci maddəsinin bəndlərində qeyd edilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun şöbə müdiri Əli Abbasov “Azərbaycançılıq ideologiyasının mahiyyəti multikultural aspektdə”, ölkəmizdə yaşayan nigeriyalı Nik Nvols, amerikalı gənc araşdırmaçı James Millar “Liberalizm və multikulturalizm”, Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova “İş yerlərində multikulturalizm ənənələri” mövzularında məruzələrlə çıxış ediblər.

Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova bütün dövrlərdə ictimai-siyasi quruluşdan asılı olmayaraq ölkəmizin dözümlülük, tolerantlıq məkanı olduğunu, burada tarixən bütün etnosların qardaş kimi yaşadığını, milli-dini zəmində qarşıdurmanın baş vermədiyini qeyd edib, bu gün müstəqil Azərbaycanın öz siyasətini bu təməl üzərində qurduğunu xüsusi vurğulayıb. X.Məmmədova Beynəlxalq Multikultural Şəbəkənin rəsmi bloqunun, eyni zamanda, şəbəkənin nəzdində xarici ölkələrdə fəaliyyət göstərən 71 “Ölkə təmsilçiləri”nin təqdimatını edib, Azərbaycanın multikulturalizm modeli ilə bağlı xarici mətbuatda çap olunmuş məqalələrini iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə, həmçinin “Azərbaycan multikulturalizminin nəzəri və praktik əsasları”, “Beynəlxalq Multikultural Şəbəkə dünya arenasında”, “Multikulturalizm və liberalizmin qarşılıqlı münasibəti: nəzəriyyə və praktikanın bəzi məsələləri” və digər mövzularda məruzələr dinlənilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.