SİYASƏT
Multikulturalizm və milli mənəvi dəyərlərimiz arasındakı sıx bağlılıq tarixi köklərə dayanır
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nardaran qəsəbəsində yerləşən 130 nömrəli tam orta məktəbdə “Multikulturalizm və milli mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov tədbirdə çıxış edərək multikulturalizmin ölkəmizdə həyat tərzi olduğunu bildirib. O, bu dəyərin qorunmasının vacibliyini qeyd edib, ulu öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycanın multikultural və tolerant mühitinin bütün dünyaya nümunə olduğu vurğulanıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev multikulturalizm və milli mənəvi dəyərlərimiz arasındakı sıx bağlılığın tarixi köklərə dayandığını qeyd edib.
Diqqətə çatdırılıb ki, ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələri bir ailə kimi yaşayır və fəaliyyət göstərirlər. Prezident İlham Əliyevin 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməsi dövlətimizin başçısının multikultural dəyərlərə diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilib.
Tədbirdə şagirdlərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.