ELM VƏ TƏHSİL
Multikulturalizm və tolerantlığın Azərbaycan modeli
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də Azərbaycan Dillər Universitetində (ADU) “Multikulturalizm və tolerantlığın Azərbaycan modeli: öyrən, öyrət, təbliğ et” mövzusunda seminar keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov multikulturalizmin eyni ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət olduğunu vurğulayıb. Rektor multikulturalizmin, eyni zamanda, bəşəri və milli ideyaların birgə mövcudluğu, eləcə də multikultural dəyərlər sisteminin əhatə dairəsində olan xalqların milli identikliklərinin qorunması olduğunu diqqətə çatdırıb.
Seminarda ADU-nun regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva “Azərbaycanda tolerantlığın etnik mədəni aspektləri”, sosial elmlər kafedrasının müdiri Ədalət Abdiyeva “Azərbaycanda multikulturalizm ənənələri”, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev “Azərbaycanda multikulturalizmin əsasları” mövzularında mühazirələr oxuyublar.
Azərbaycan Respublikasının millətlər arası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Seyfəl Həsənov təmsil etdiyi qurumun yaranmasından və fəaliyyətindən danışıb.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.