REGİONLAR
Multikulturalizmin Azərbaycan modeli dünyada nümunə kimi qəbul olunur
Naxçıvan, 29 noyabr, AZƏRTAC
Azərbaycan qədim zamanlardan bəri multikultural dəyərlərin formalaşdığı ölkə olub və bu sahədə zəngin ənənələrə malikdir. Hazırda dünyanın bir sıra regionlarında münaqişələr, müharibələr davam edir. Bu da multikulturalizmin təbliğində və təşviqində Azərbaycan təcrübəsini ön plana çıxarır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər “Naxçıvan” Universitetinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Multikultiralizmin əsas məkanlarından biri kimi Azərbaycan” adlı elmi-praktik konfransda səsləndirilib.
Konfransda çıxış edən “Naxçıvan” Universitetinin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov bildirib ki, multikulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsinə yüksəlib. Bu ideyanın əsasını isə ümummilli lider Heydər Əliyev qoyub. Prezident İlham Əliyev bu gün Azərbaycanın multikulturalizm modelinin dünyada tanıdılması istiqamətində böyük səylər göstərir. Dövlətimizin başçısı qeyd edib ki, dünyada multikulturalizmin alternativi yoxdur. Azərbaycanda müxtəlif xalqların və millətlərin nümayəndələri həmrəylik, birlik şəraitində yaşayır. Bu, əsrlərdən bəri inkişaf edərək bu günümüzə gələn ənənədir. Ona görə də 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi heç də təsadüfü deyil və bunun tarixi kökləri var.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilat-nəzarət şöbəsinin aparıcı məsləhətçisi, II dərəcəli ədliyyə qulluqçusu, “Naxçıvan” Universitetinin pedaqogika və psixologiya kafedrasının müəllimi Həbibə Talıbovanın, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilat-nəzarət şöbəsinin aparıcı məsləhətçisi, II dərəcəli ədliyyə qulluqçusu Ələkbər Hüseynovun və “Naxçıvan” Universitetinin iqtisadiyyat ixtisasının III kurs tələbəsi Əjdər İbrahimovun məruzələri dinlənilib.
Çıxışlarda qeyd olunub ki, multikulturalizm siyasətinin təməlində xalqların qarşılıqlı əməkdaşlığı, tolerantlıq ideyaları və münaqişələrə yol verməmək prinsipləri dayanır. Əsrlər boyu böyük mədəniyyətlərin qovuşduğu bir diyar olan Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıb. Bu gün Prezident İlham Əliyevin Azərbaycanda multikultural münasibətlərin inkişafı istiqamətində atdığı addımlar davamlı xarakter daşıyır.
Bildirilib ki, müstəqillik dövründən bu günə kimi multikulturalizm sahəsində həyata keçirilmiş islahatlar və atılmış addımlar tarixi ənənələrimizin möhkəmlənməsinə xidmət edir. Bu gün Azərbaycan multikulturalizmi bir model kimi formalaşıb və bu model artıq dünyada nümunə kimi qəbul olunur.