ELM VƏ TƏHSİL
Multikulturalizmlə bağlı fənlərə dair tədris materialları çapa hazırlanıb
Bakı, 9 sentyabr, Günel Məlikova, AZƏRTAC
Sentyabrın 9-da “Sputnik Azərbaycan” portalının Multimedia mətbuat mərkəzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədovun, mərkəzin analitika şöbəsinin müdiri Rəşad İlyasovun və layihələr şöbəsinin müdiri Sərxanbəy Xuduyevin “Azərbaycanda multikulturalizmi necə tədris edəcəklər” mövzusunda birgə mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan multikultiralizminin ölkəmizdə və xaricdə tədris olunması haqda məlumat verən A.Məmmədov layihənin ərsəyə gəlməsindən bəhs edib. Bildirilib ki, Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi ilə əlaqədar hazırlanmış tədbirlər planına əsasən bir çox yerli və xarici universitetlərdə bakalavriat və magistr səviyyəsi üzrə “Multikulturalizmə giriş” və “Azərbaycanda multikulturalizm” adlı fənlər tədris olunmağa başlayıb. Layihə Azərbaycan multikulturalizmini dünyada tanıtmaq məqsədi daşıyır. Artıq bir sıra Avropa və postsovet ölkələrinin universitetlərində fənnin tədrisinə başlanıb. Fənnin baza proqramı Təhsil Nazirliyi tərəfindən təsdiqlənib, müvafiq tədris materialları, dərslik çapa hazırlanıb.
R.İlyasov nəşrə hazırlanan “Azərbaycan multikulturalizmi” dərsliyinin rus və ingilis dillərinə tərcümə olunacağını da bildirib. Qeyd olunub ki, nəşrdə Azərbaycanda multikulturalizm qaynaqları, Azərbaycan multikulturalizmi və ideologiyası öz əksini tapıb. Tədbirlər planında yer alan, ildə dörd dəfə çap olunması nəzərdə tutulan “Multikulturalizm” jurnalının artıq ilk nömrəsinin nəşr olunduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, jurnalda Azərbaycandakı multikultural dəyərlər, folklor-ədəbiyyat sahəsində müxtəlif yazı və şeirlər yer alacaq. Azərbaycan multikulturalizminin dünyada təbliği istiqamətindəki nəşrlər siyahısına broşürlər də aiddir. Bu broşürlərdə Azərbaycanda keçirilən yay və qış məktəblərində iştirak edən tələbələrin esseləri öz əksini tapacaq.
S.Xuduyev multikulturalizm fənninin bu il 38 yerli və 15 xarici universitetdə tədrisinin nəzərdə tutulduğunu bildirib. Qeyd edilib ki, bir sıra ölkələrdən tədrisə dair istək olduğu da nəzərə alınaraq 2017-ci ildə tədrisin miqyasının genişləndirilməsi nəzərdə tutulur. Fənn əlaçıları yay və qış məktəbləri olmaqla Azərbaycanda praktiki kurs keçirlər. Şöbə müdiri bu il keçirilən yay məktəbi çərçivəsində “Azərbaycanın gənc dostları” klubunun yaradıldığını da xatırladıb.