İQTİSADİYYAT


Müntəzəm sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərin birləşdirilməsi prosesinə başlanılıb

Bakı, 5 iyun, Elvin Camalov, AZƏRTAC

Paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərin birləşdirilməsi prosesinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə başlayan birləşmə prosesi daşıyıcıların istəyinə əsasən həyata keçirilir. Məqsəd, müntəzəm marşrut xətlərinin müvəqqəti istismarı ilə məşğul olan daşıyıcıların sayının azaldılması yolu ilə bu sahədə nəzarət mexanizminin gücləndirilməsi və operativliyin artırılmasıdır.

M.Ağayevin sözlərinə görə, birləşmə prosesi çərçivəsində ilkin olaraq, 105 (Qara Qarayev pr. – Balaxanı qəs.), 146 (Yeni Suraxanı qəs. – Şüvəlan qəs.), 204 (“Koroğlu” metro stansiyası – Yeni Suraxanı qəs), 213 (“Qara Qarayev” metro stansiyası – Suraxanı qəs.), 216 (“Koroğlu” metro stansiyası – Yeni Suraxanı qəs.) nömrəli marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən 5 fiziki şəxs maddi-texniki bazalarının qənaətbəxş səviyyədə olmaması səbəbindən birləşərək vahid daşıyıcı “6 Dost” MMC adı altında fəaliyyət göstərəcək. Sərnişindaşıma sahəsində göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə təsis edilən “6 Dost” MMC müvafiq maddi-texniki baza ilə, avtonəqliyyat vasitələri ilə, “D” kateqoriyalı sürücü heyəti ilə təmin edilib.

M.Ağayev qeyd edib ki, Bakı şəhəri üzrə marşrut sxemləri və hərəkət qrafiklərinin optimallaşdırılması işləri çərçivəsində hazırkı vəziyyətdə daşıyıcıların maddi-texniki bazaları təhlil olunmaqla onların da birləşdirilməsi prosesi davam etdiriləcək. Məlumat üçün onu da bildirək ki, daşıyıcılar qarşısında istehsalat bazalarının yenilənməsi ilə bağlı qoyulan tələb də yerinə yetirilməkdədir. Artıq 10 marşrut xəttinin istismarını həyata keçirən “Çinar-Trans” MMC və 5 marşrut xəttinin istismarını həyata keçirən fiziki şəxslər yeni müasir standartlara uyğun istehsalat bazasında fəaliyyət göstərməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.