SİYASƏT
Murmansk vilayətinin Kandalakşa ərazisində “Xatirə estafetləri”
Bakı, 26 aprel, AZƏRTAC
Murmanskın mərkəzində “Bizim Böyük Qələbəmiz” beynəlxalq ictimai-vətənpərvərlik layihəsi iştirakçılarının mitinqi keçirilib. Aksiya 1941-1945-ci illərin Böyük Vətən müharibəsində sovet xalqının Qələbəsinin 70 illiyi ilə əlaqədar ümumxalq bayramına hazırlıq çərçivəsində keçirilir. Təşkilatçı veteranların “Döyüş qardaşlığı” Ümumrusiya İctimai Təşkilatıdır. Tədbir Rusiya Federasiyası Şurasının dəstəyi və Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsinin fəal iştirakı ilə təşkil olunub.
Layihə çərçivəsində təşkil olunan tədbirləri 2012-ci ildən başlayaraq hər il keçirilir və Rusiya, MDB xalqlarının faşist işğalçıları üzərində böyük ümumi Qələbəmiz ətrafında sıx birləşməsinə, vətənpərvərliyin dirçəldilməsinə yönəldilib.
Layihə çərçivəsində 2015-ci il martın 16-dan mayın 9-dək olan dövrdə “Xatirə estafetləri” avtoyürüşü təşkil olunub. Bu vətənpərvərlik aksiyasında Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və başqa ölkələrin 90-dan çox şəhəri birləşib.
“Ümumrusiya Azərbaycan Konqresi”nin (ÜAK) Murmansk regional şöbəsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirib ki, bu gün Rusiya Federasiyası Murmansk vilayətinin Kandalakşa şəhər ərazisi administrasiyasının rəhbəri Anatoli Xoloşa və mədəniyyət və gənclərə dair işlər şöbəsinin rəisi Svetlana Lunyova mitinqin iştirakçıları qarşısında çıxış ediblər. Onlar avtoyürüşün iştirakçılarını salamlayaraq kandalakşalıların və düşmənin Kola torpağına ayaq basmasına imkan verməyənlərin hamısının döyüş qəhrəmanlıqlarından danışıblar.
Estafetin təntənəli tədbirləri “Böyük qələbəmiz uğrunda! Böyük Vətənimiz uğrunda!” şüarı altında keçiriləcək.
Sonra avtoyürüşün iştirakçıları Murmanska və Polyarnıya yola düşüblər. “Xatirə estafeti” mayın 9-da Moskvada Qızıl meydanda başa çatacaq.