QAN YADDAŞI
Murmanskda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib
Bakı, 2 aprel, AZƏRTAC
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Murmansk bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilati dəstəyi ilə Murmansk şəhərində Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən tədbir keçirilib.
Tədbirdə Murmanskda fəaliyyət göstərən milli diasporların nümayəndələri, vilayətin Milli Mədəniyyət Mərkəzinin rəhbərləri və üzvləri, regionun azərbaycanlı ictimaiyyətinin nümayəndələri, RAGB və ÜAK-ın Murmansk regional bölməsinin fəalları, KİV nümayəndələri iştirak ediblər.
Bu məlumatı AZƏRTAC-a ÜAK-ın Murmansk regional bölməsinin və RAGB yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov verib.
Tədbirdə çıxış edən Rusiya Federasiyası Murmansk Vilayəti İctimai Palatasının üzvü və ÜAK-ın Murmansk regional bölməsinin sədri Afil Hüseynov, RAGB-ın Murmansk regional bölməsinin sədri Vüsal İbrahimov ermənilərin irimiqyaslı qanlı aksiyalarından danışıblar. Xüsusilə vurğulanıb ki, ötən əsrin 80-ci illərinin sonunda SSRİ rəhbərliyinin təhriki ilə Ermənistanın Azərbaycana yeni ərazi iddiaları geniş müharibəyə, erməni silahlı qruplaşmaları tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalına gətirib çıxardı. Bunun nəticəsində bir milyondan artıq həmvətənimiz qaçqın və məcburi köçkün oldu. 1992-ci ilin fevralında törədilmiş Xocalı qırğını isə öz qəddarlığı və amansızlığı ilə bəşəriyyətə qarşı görünməmiş soyqırımı kimi tarixdə qalacaq.
Natiqlər işğal olunmuş ərazilərimizin Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət kursu nəticəsində azad ediləcəyinə və azərbaycanlıların öz tarixi torpaqlarına qayıdacaqlarına əminliklərini bildiriblər.