SİYASƏT
Murmanskda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram edilir
Bakı, 20 dekabr, AZƏRTAC
Murmanskda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib. Bu bayram hər bir azərbaycanlıda doğma Vətənə məhəbbət, öz xalqına sədaqət, tarixinə və mədəniyyətinə hörmət kimi nəcib hisləri gücləndirir, bizi birləşdirən mənəvi-əxlaqi dəyərlərin gələcək nəsillərə ötürülməsinə xidmət edir. Bayramın birləşdirici ideyası xalqın həmrəyliyi və öz tarixi vətəninə bağlılıq, Azərbaycan dövlətçiliyi, milli mədəni dəyərlərə və xalq ənənələrinə hörmət ideyasıdır.
Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Murmansk Vilayət Bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyi yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirib ki, bayram tədbirində ictimaiyyətin nümayəndələri, regionun müxtəlif diaspor təşkilatlarının rəhbərləri iştirak edirlər.
Əlamətdar gün münasibətilə açılacaq “Məşhur azərbaycanlılar” sərgisində tanınmış həmvətənlərimizin kitabları, fotoşəkilləri nümayiş etdiriləcəkdir.
Bundan başqa, ÜAK-nın Murmansk bölməsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş məqalələr hazırlayıb. Bu məqalələr Rusiya Federasiyasının Murmansk Vilayəti hökumətinin rəsmi saytında və digər regional saytlarda dərc ediləcəkdir.