MƏDƏNİYYƏT
Murmanskda “Rəqs bayramı” festivalında ən yaxşı xoreoqraflar və gənc rəqqaslar müəyyənləşəcək
Bakı, 25 aprel, AZƏRTAC
Murmansk vilayətinin “Laplandiya” uşaq əlavə təhsil mərkəzində aprelin 23-dən 26-dək “Rəqs bayramı – 2015” vilayət xoreoqrafiya sənəti festivalı keçirilir.
Festivalda Rusiya Federasiyasının Murmansk vilayətinin Murmansk, Oleneqorsk, Kirovsk, Monçeqorsk, Apatitı, Kandalakşa, Zapolyarye, Kovdor, Nikel şəhərlərindən, Aleksandrovsk, Severomorsk , Vidyayevo , Zaozersk və Zelenoborsk inzibati ərazilərindən 50 xoreoqrafiya kollektivi iştirak edir.
Qeyd edək ki, festival çərçivəsində xoreoqrafiya kollektivlərinin “Yeni əsr: gələcəyə baxış” müsabiqəsi və xoreoqrafiya sənəti sahəsində gənc istedadların “Zapolyarye ümidləri” müsabiqəsi keçiriləcək.
“XoreoQrafika” və “Murmansk vilayətinin ən yaxşı xoreoqrafı – 2015” peşəkar sənət müsabiqələrində Murmansk vilayətinin təhsil və mədəniyyət təşkilatlarının aparıcı mütəxəssisləri iştirak edəcəklər.
Festival aprelin 26-da təltifetmə mərasimi ilə və qala-konsertlə başa çatacaq. Konsertdə Murmansk vilayətinin ən yaxşı xoreoqrafiya kollektivləri, ictimai təşkilatların və milli-mədəni muxtariyyətlərin – “Ümumrusiya Azərbaycan konqresi” ictimai təşkilatının Murmansk regional bölməsinin, Moldovanın “Flueraş” Mədəniyyət Mərkəzinin, Murmanskın “Asiya” regional ictimai təşkilatının, “Murmansk vilayəti ukraynalılarının milli-mədəni muxtariyyəti” ictimai təşkilatının, “Çuvaş milli-mədəni muxtariyyəti” cəmiyyətinin üzvləri iştirak edəcəklər.
Bu barədə AZƏRTAC-a “Ümumrusiya Azərbaycan Konqresi” (ÜAK) ictimai təşkilatının Murmansk regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov məlumat verib.
Festival Rusiya xalqlarının milli xoreoqrafiya mədəniyyəti ənənələrinin qorunub saxlanması, Murmansk vilayətində uşaq xoreoqrafiya yaradıcılığının aktuallaşdırılması, ifa sənəti səviyyəsinin yüksəldilməsi, xoreoqrafiya sənəti sahəsində uşaqlar arasında parlaq istedadların aşkara çıxarılması, xoreoqrafiya kollektivləri arasında yaradıcılıq əlaqələrinin genişləndirilməsi, regionun milli-mədəni muxtariyyətləri və ictimai təşkilatları ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məqsədilə keçirilir.