SİYASƏT
Murmanskdakı Dostluq evində ədəbi tədbir keçirilib
Bakı, 13 mart, AZƏRTAC
Murmanskdakı Dostluq evində ədəbi tədbir olub. Açılış günü “Murmansk vilayətinin ukraynalıları” milli-mədəni muxtariyyəti” regional ictimai təşkilatının təşkil etdiyi “Böyük kobzar T.Şevçenkonun xatirəsi” adlı musiqili-ədəbi gecə keçirilib. Ukrayna şairi Taras Şevçenkonun anadan olmasının 201-ci ildönümü ərəfəsində bayramsayağı bəzədilmiş salona Ukrayna mədəniyyətini dəyərləndirən adamlar toplaşıblar. Qonaqlar ilk öncə Taras Şevçenkonun və murmansklı rəssam Yelena Povalyayevanın rəsmlərinin reproduksiyalarından ibarət sərgi ilə tanış olublar.
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Murmansk vilayət şöbəsinin mətbuat xidmətinin rəhbəri Əlihüseyn Şükürov AZƏRTAC-a bildirib ki, bayramın qonaqları milli-mədəni ictimai birliklərin nümayəndələri olublar. Qeyd edək ki, tədbirdə həmvətənlərimiz, o cümlədən Rusiya Federasiyası Murmansk vilayətinin İctimai palatasının üzvü, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Murmansk şöbəsinin sədri Afil Hüseynov iştirak ediblər.
“Murmansk şəhəri almanlarının yerli milli-mədəni muxtariyyəti” ictimai təşkilatı sədrinin müavini Nadejda Rafikova gecə barədə öz təəssüratlarını bölüşərkən qeyd edib ki, T.Şevçenkonun həyatından bilmədiyimiz və məktəbdə keçmədiyimiz xeyli maraqlı faktlar öyrəndik.