İDMAN
“Murmanskiy vestnik” qəzetində həmvətənimiz haqqında məqalə dərc olunub
Bakı, 29 yanvar, AZƏRTAC
Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk vilayət bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a xəbər verir ki, Murmansk vilayət hökuməti və Murmansk Vilayət Dumasının təsis etdiyi gündəlik “Murmanskiy vestnik” qəzetində həmvətənimiz haqqında məqalə dərc edilib.
“Yeni zirvələrə doğru” sərlövhəli məqalə Murmansk şəhərindəki 7 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi, tay boksu üzrə yarışlarda mükafat almış həmvətənimiz Zamiq Ağayevə həsr edilib. Məqalənin müəllifi – tanınmış idman jurnalisti Viktor Şubin yazır:
“Kolada il yarım bundan əvvəl inşa edilmiş bədən tərbiyəsi-sağlamlıq kompleksində ilk dəfə tay boksu üzrə yarışlar keçirilib. İdmanın bu növü bizim regionda artıq ekzotika sayılmır. Murmanskda belə yarışlar müntəzəm keçirilir. Bu dəfə növbə Zapolyaryenin ən qədim şəhərlərindən birinə çatıb. Xüsusi təyinatlı veteran döyüşçülərin mükafatı uğrunda “Şturm” turniri bu şəhərdə keçirilib.
Rinqə vilayətin müxtəlif guşələrindən, həmçinin Sankt-Peterburq və Kareliyadan gəlmiş 100-dən çox gənc və yaşlı döyüşçü çıxmışdı. Yaşlıların döyüşləri böyüməkdə olan nəsil üçün gözəl əyani nümunə oldu. Yeniyetmə oğlanlar və qızlar usta idmançıların çıxışlarını böyük diqqətlə izləyirdi.
71 kiloqram çəki dərəcəsində finalda Polyarnı nümayəndəsi Yeqor Qolovçenko və Murmansk sakini Zamiq Ağayev qarşılaşdı. Onlar ilk dəqiqələrdən başlayaraq bir-birinə ayaq və əl ilə zərbələr endirirdi. Birinci raundda rəqiblərin heç biri üstünlük qazana bilmədi. İkinci raundda isə vilayət mərkəzinin nümayəndəsi təşəbbüsü ələ keçirdi və son raundda bu üstünlüyü qoruyub saxlaya bildi. Yekunda Zamiq Ağayev qızıl medal qazandı. Polyarnı şəhərinin nümayəndəsi isə gümüş medal, bir də nümayiş etdirdiyi iradə və dözümə görə azarkeşlərin alqışlarını qazandı”.