SİYASƏT
Musa Quliyev: Məcburi köçkünlərin problemlərinin həlli daim Azərbaycan Prezidentinin diqqət mərkəzindədir
Bakı, 14 fevral, Əsəd Məmmədov, AZƏRTAC
“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına dəyişikliklər edilməsi dövlətimizin başçısı İlham Əliyevin məcburi köçkünlərə və bu qəbildən olan digər insanlara qayğısının daha bir təzahürüdür. Bu, bir daha onu göstərir ki, sosial qayğıya ehtiyacı olan insanların problemlərinin həlli daim Azərbaycan Prezidentinin diqqət mərkəzindədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev bildirib.
Musa Quliyev deyib ki, bu Fərman keçmiş yataqxanalarda, müalicə pansionatlarında və digər binalarda yaşayan məcburi köçkünlərin üzləşdikləri problemlərin həllinə, onların həyat şəraitlərinin yaxşılaşdırılmasına xidmət edəcək.
“Azərbaycan Prezidenti İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Dövlətimizin başçısı məcburi köçkünlərin problemlərinin həllini hər zaman diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin bu Fərmanı dövlətimizin məcburi köçkünlərə diqqətinin ifadəsidir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.