ELM VƏ TƏHSİL
Müsabiqə iştirakçıları AMEA-nın Elmi Nailiyyətlər Sərgisi ilə tanış olublar
Bakı, 12 fevral, G.Məlikova, AZƏRTAC
Fevralın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında keçirilən “Sabahın alimləri” beşinci respublika müsabiqəsinin iştirakçıları AMEA-nın Elmi Nailiyyətlər Sərgisi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, tədbirdə müxtəlif ümumtəhsil məktəblərindən 300 şagird iştirak edib.
AMEA-nın beynəlxalq əlaqələr idarəsinin beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi Nuridə Quliyeva akademiyanın sərgiyə qatılan elmi müəssisə və təşkilatları barədə məlumat verib, qurumların hansı sərgi məhsulları ilə çıxış etdiyini, sərgi üzrə təqdim olunan məhsulların növünü, formatını, müxtəlif müəssisələrə məxsus ixtira və eksponatların mövzu dairəsini uşaqların diqqətinə çatdırıb. Bildirilib ki, akademiyanın yeddi elmi bölməsinin tərkibindəki institut və təşkilatların, regional elmi mərkəz və bölmələrin fəaliyyətini, o cümlədən rəyasət heyətinin guşələrinə qoyulan eksponatları əks etdirən sərgi 38 pavilyondan ibarətdir.
Şagirdlər akademiyanın institut və təşkilatlarının fəaliyyətindən bəhs edən, Azərbaycan, rus və ingilis dillərində buklet, kitab və digər nəşrlərlə tanış olublar.
Daha sonra məktəblilər AMEA-nın bir qrup alim və mütəxəssisi ilə görüşüblər.
Tədbirdə AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev məktəblilərin nailiyyətlərinin və aktual məsələlər üzərində işləmələrinin sevindirici hal olduğunu bildirib, onlara uğurlar arzulayıb.
Sonra akademiyanın elmi müəssisə və təşkilatlarının rəhbərləri AMEA-nın uzun illər boyu əldə etdiyi uğurlar, önəmli araşdırmaların nəticələri, elm sahələrinin müxtəlif tipli problemləri ilə əlaqədar aparılan tədqiqatlar barədə uşaqlara məlumat veriblər.
Bir sıra mövzularda müzakirələr aparılıb, şagirdlərin sualları cavablandırılıb.