ELM VƏ TƏHSİL
Müsabiqəyə 86 iş təqdim olunub
Bakı, 10 fevral, AZƏRTAC
“Təbiət fənləri üzrə Labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi” müsabiqəsinin birinci mərhələsi başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin keçirilməsinin əsas məqsədi təbiət fənləri (kimya, biologiya və fizika) üzrə dərslərin qurulmasında yeni, rəqəmsal laboratoriya avadanlığının və XXI əsrin innovativ texnologiyalarının tətbiqini genişləndirməkdir.
Təhsil Nazirliyi və “Edumedia” MMC-nin birgə keçirdiyi müsabiqənin birinci mərhələsinə 89 iş təqdim olunub. Onlardan üçü müsabiqənin şərtlərinə uyğun gəlmədiyi üçün qəbul edilməyib. Müsabiqəyə qəbul edilmiş işlərin 68-i “Ən yaxşı müəllim işi”, 18-i isə “Ən yaxşı təlimçi işi” nominasiyaları üzrə olub.
Layihələr ikinci mərhələdə müəyyənləşdirilmiş meyarlar üzrə qiymətləndirilmək üçün Ekspert Komissiyasına təqdim edilib. İkinci mərhələnin nəticəsi və nominantların adları fevralın 16-da elan ediləcək.
Müsabiqənin qaliblərinə “Globimate” planşeti, “Samsung Galaxy Tab-3” və digər xüsusi mükafatlar təqdim olunacaq.