DÜNYA
Müşahidəçilər: Özbəkistanda seçkilərin demokratik şəraitdə keçirilməsi üçün hər cür şərait yaradılıb
Daşkənd, 22 dekabr, AZƏRTAC
Özbəkistan parlamentinin aşağı palatası - Ali Məclisin Qanunvericilik Palatasına seçkilərlə əlaqədar MDB-dən olan müşahidəçilər missiyası mətbuat konfransı keçirib.
MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib, MDB müşahidəçilər missiyasının rəhbəri Sergey Lebedev bildirib ki, missiyaya 8 dövlətdən 76 müşahidəçi daxildir. O qeyd edib ki, müşahidəçilər Özbəkistan üzrə ümumilikdə 707 seçki məntəqəsində olub. Ölkədə seçkilərin azad, beynəlxalq normalara uyğun, demokratik şəraitdə keçirilməsi üçün hər cür şərait var idi və seçicilər sərbəst şəkildə öz iradələrini ifadə etdilər.
Azərbaycan Milli Məclisinin deputatı Aydın Abbasov deyib ki, seçkiləri Daşkəndin Mirzə-Uliqbəy rayonundakı 125 saylı seçki dairəsinin bir sıra məntəqələrində izləyib. O qeyd edib ki, gənclərin və ağsaqqalların seçkilərə marağı daha çox olub. Seçki günü səhər saat 6-da məhz ağsaqqallar və gənclər birinci səs veriblər.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Etibar Hüseynov isə səsverməni Daşkənddə və Səmərqənddə izləyiblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd