REGİONLAR
Müsəlman aləminin inkişafına mane olan ciddi problemlərdən biri dinin siyasiləşdirilməsi cəhdidir
Bakı, 16 iyun, AZƏRTAC
İyunun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zərdab şəhər Heydər Əliyev Mərkəzində “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib.
“İslam Həmrəyliyi İli” çərçivəsində təşkil olunan tədbirdə Zərdab rayonu üzrə məktəb direktorlarının təlim-tərbiyə işləri üzrə müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatının gəncləri, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, rayon icra hakimiyyəti, gənclər və idman idarəsinin əməkdaşları iştirak ediblər.
DQİDK-dən AZƏRTAC-a bildiriblər ki, konfransda çıxış edən Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ramo Hacıyev ölkəmizdə dini icmalara dövlət qayğısından bəhs edib. R.Hacıyev ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, ölkədə milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb. O, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bunun təzahürü olaraq 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunduğunu bildirib.
Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov qeyd edib ki, cəmiyyət din pərdəsi altında gizlənmiş məkrli qüvvələrin məqsədi, real təhlükəsi barədə mütəmadi məlumatlandırılmalı, hədəf düzgün müəyyənləşdirilməlidir. Təxribatçı qüvvələrin, qanunu pozan radikal dini qrupların dövlətçiliyimizə və milli maraqlarımıza zidd fəaliyyətini zərərsizləşdirmək qarşımızda duran mühüm vəzifələrdən biri, bəlkə də, birincisidir. Bu baxımdan dövlətçiliyimizi və milli-mənəvi irsimizi qorumaq, eləcə də təbliğ etmək sözügedən istiqamətdə iş aparmaq dövlət qurumları ilə yanaşı, həm də dini icmaların, ictimai təşkilatların, ümumiyyətlə, hər bir vətəndaşın başlıca vəzifəsi olmalıdır.
Gündüz İsmayılov bildirib ki, müsəlman aləminin inkişafına mane olan amillərdən və ciddi problemlərdən biri dinin siyasiləşdirilməsi cəhdidir. Belə amillərə qarşı mübarizə aparmaq və bunun üçün də həmrəylik nümayiş etdirmək lazımdır.
“Tarixən müsəlmanlar başqa din nümayəndələrinə tolerant yanaşıb. İslamdan gələn bu cür dözümlülük xalqımızın etnik xüsusiyyətlərindən qaynaqlanan tolerantlıqla çuğlaşaraq daha rəngarəng və mükəmməl bir forma alıb və zəngin mədəni sərvətə çevrilib”, - deyə Gündüz İsmayılov vurğulayıb. O bildirib ki, bu ilin "İslam Həmrəyliyi İli" elan edilməsi Azərbaycanın müsəlman dünyasında nümunəvi ölkə olduğunu bir daha sübut edir.
Konfrans iştirakçıları maraqlandıran sualların cavablandırılması və müzakirələrlə yekunlaşıb.