DÜNYA
“Müsəlman qardaşlar” Assosiasiyasının 8 tərəfdarı barəsində ölüm hökmü çıxarılıb
Qahirə, 29 iyul, AZƏRTAC
Misir Cinayət Məhkəməsi 2013-cü ilin avqustunda Qahirə yaxınlığındakı Heluan şəhərində polis məntəqəsinə hücum etməkdə ittiham edilən 8 nəfər barəsində ilkin ölüm hökmü çıxarıb. Yerli KİV-lər xəbər verir ki, müttəhimlər terrorizmdə, qəsdən adam öldürməkdə, dövlət və şəxsi əmlaka ziyan vurmaqda, qanunsuz silah saxlamaqda və onu tətbiq etməkdə, icazəsiz mitinqlərə qatılmaqda ittiham olunurlar. Bu cinayət işi üzrə cəmi 68 adam, o cümlədən 3 qadın ittiham olunur.
İstintaqın məlumatına görə, barəsində hökm çıxarılanlar sabiq prezident Məhəmməd Mursi hakimiyyətdən uzaqlaşdırılandan sonra ölkədə qadağa edilmiş “Müsəlman qardaşlar” Assosiasiyasının tərəfdarları ilə güc strukturlarının əməkdaşlarının qarşıdurmasının ən gərgin çağında - 2013-cü ilin 14 avqust hadisələrində iştirak ediblər. “Qardaşlar”ın onlarca tərəfdarı Heluan polis məntəqəsini mühasirəyə alaraq, ora daş, içərisində yandırıcı qatışıq olan butulka və qaz balonları atıblar, odlu silahdan atəş açıblar. Toqquşmalar nəticəsində 3 polis əməkdaşı, habelə 3 mülki şəxs həlak olub, 19 nəfər yaralanıb.
Bildirilib ki, qəti hökm məhkəmə yerli qanunlara müvafiq olaraq Misirin ali müftisinin rəyini aldıqdan sonra - oktyabrın 10-da çıxarılacaq.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə