REGİONLAR
Müşfiqsevərlər Xızıda ölməz şairin doğum gününü qeyd ediblər VİDEO
Xızı, 5 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 5-də Xızıda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin doğum günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, 107 il öncə dünyaya göz açan nakam şairi anmağa gələnlər rayonun Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında toplaşıblar.
Mikayıl Müşfiqin büstü ətrafında keçirilən tədbirdə şairlər, yazıçılar, elm və incəsənət xadimləri ölməz şairin həyat və yaradıcılığı haqqında danışıb, görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən geniş söhbət açıblar.
Bildirilib ki, adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı bacaran Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa şeirləri poeziya xəzinəsinin inciləri sırasındadır.
Anma mərasimində Əməkdar Müəllim, şair Ofeliya Babayeva, yazıçı-publisist Müşfiq Cabiroğlu, Mikayıl Müşfiq və “Qızıl qələm” mükafatları laureatı, şair Oktay Rza və başqaları çıxış edərək, görkəmli poeziya ustasının yaradıcılığının gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində və gənclərimizdə vətənpərvərlik hisslərinin artırılmasında əvəzsiz xəzinə olduğunu qeyd ediblər.
Tədbirdə Xızı məktəbliləri nakam şairin şeirlərindən parçalar səsləndiriblər.