MƏDƏNİYYƏT
Musiqi məktəbinin müəllimi Müslüm Maqomayev adına IV Beynəlxalq müsabiqənin qalibi olub
Bakı, 1 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin müəllimi İlham Nəzərov Vokalçıların Müslüm Maqomayev adına IV Beynəlxalq müsabiqəsinin qalibi olub.
İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqədə laureat adı uğrunda 12 ölkədən – Azərbaycan, Argentina, Gürcüstan, Misir, İsrail, İtaliya, Qazaxıstan, Çin, Monqolustan, Rusiya, Ukrayna və Xorvatiyadan olan 19 iştirakçı mübarizə aparıb. Ənənəyə görə beynəlxalq müsabiqənin finalı Rusiya paytaxtının ən iri konsert salonu olan “Crocus City Hall”da keçirilib.
Münsiflər heyətinin tərkibində SSRİ Xalq artistləri Tamara Sinyavskaya, Fərhad Bədəlbəyli, Moskvadakı “Helikon-opera” Musiqili Teatrının bədii rəhbəri Dmitri Bertman, İtaliyanın San-Karlo Opera Teatrının bədii rəhbəri Vinçentso de Vivo və başqa məşhur musiqiçilər yer alıb.
Müsabiqənin şərtlərinə görə, Qran-pri mükafatçısına 30, birinci yerin sahibinə 25, ikinci yerin qalibinə 15, üçüncü yerə layiq görülən iştirakçıya isə 10 min ABŞ dolları məbləğində mükafat verilib.
Müsabiqədə birinci və ikinci yerlərə Azərbaycan təmsilçiləri İlham Nəzərov (kontrtenor) və Məhərrəm Hüseynli (bariton) layiq görülüblər. Qran-pri mükafatı isə Rusiya nümayəndəsi Vasilisa Berjanskayaya təqdim edilib.
Qeyd edək ki, finalda İlham Nəzərov orkestrin müşayiəti ilə Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısını ifa edib.