MƏDƏNİYYƏT
Musiqi məktəbinin şagirdi Vyanada keçirilən müsabiqənin qalibi olub
Bakı, 1 avqust, AZƏRTAC
G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin altıncı sinif şagirdi, skripkaçı Osman Mustafazadə Avstriyanın paytaxtı Vyanada keçirilən beynəlxalq müsabiqədə birinci yerə və laureat adına layiq görülüb.
Məktəbin direktoru Yusif Vəliyev AZƏRTAC-a bildirib ki, hər il keçirilən “Grand Prize Virtuoso” Beynəlxalq müsabiqəsi dünyanin bütün qitələrindən olan 20 yaşınadək gənc musiqiçilərin yarışdıqları mötəbər musiqi platformasıdır. Bu müsabiqənin özəlliyi ondadır ki, münsiflər heyətinin qərarları qaliblərə internet vasitəsilə çatdırılır. Ən yaxşı ifaçıları isə sentyabrda Vyanaya dəvət edir və möhtəşəm musiqi zallarının birində qala-konsertdə çıxışlarını təşkil edirlər.
Y.Vəliyev vurğulayıb ki, bu il 12 yaşlı O.Mustafazadə də bu müsabiqənin laureatı adını qazandığı üçün Vyanaya dəvət alıb. Osman bundan əvvəl də müxtəlif respublika müsabiqələrinin laureatı olub, ötən il keçirilən “Barocco” müsabıqəsində laureat adını qazanaraq Beynəlxalq Muğam Mərkəzində təşkil olunan qala-konsertdə böyük uğurla çıxış edib. Gənc musiqiçi bu günədək müxtəlif konsert zallarında, “Kapelhaus” Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzində, Azərbaycan Dövlət Filarmoniyasında, Milli İncəsənət Muzeyində və başqa musiqi mərkəzlərində solo və orkestrlə uğurlu çıxışları ilə hər zaman tamaşaçıları sevindirib. İnanırıq ki, bu mötəbər musiqi yarışmasında qazandığı qələbə onun növbəti uğurlarının başlanğıcı olacaq.