MƏDƏNİYYƏT


Musiqi sülhə səsləyir

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC

Sentyabrın 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Musiqi sülhə səsləyir” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşan tədbir Beynəlxalq Sülh Günü münasibətilə “Sülh aylığı” çərçivəsində baş tutub.

Tədbir çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi Cəlal Abbasovla görüş keçirilib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb. O bildirib ki, Azərbaycan bəstəkarlarının əsərlərində sülh mövzusuna hər zaman önəm verilib.

Qeyd olunub ki, ümumbəşəri mövzuları insanların diqqətinə çatdırmağı bacaran bəstəkarlarımızın əsərlərində insanpərvərlik, humanizm, insan haqları və azadlıqları ideyaları xüsusi yer tutur. Bu baxımdan bəstəkarlarımızın gördüyü işlər dünyada tanınaraq qəbul olunur.

Tədbirdə çıxış edən Cəlal Abbasov sülh mövzusunda yazdığı musiqi əsərləri haqqında fikirlərini bölüşüb. Bu mövzuya müraciət etməsinin səbəblərindən söz açan bəstəkar yaradıcılıq planlarından da danışıb. Tədbirdə Cəlal Abbasovun Birləşmiş Millətlər Təşkilatının (BMT) mükafatına layiq görülmüş “İf İ could see you again...” adlı IV simfoniyasının videoyazısı və “Sülhün səsi” adlı III simfoniyasından videofraqment nümayiş olunub.

Həmçinin Əməkdar Artist Fəridə Məmmədova və İlahə Sadıxzadənin ifasında sülh mövzularına həsr olunmuş müxtəlif musiqi nömrələri səsləndirilib.

Daha sonra bəstəkar tədbir iştirakçılarının suallarını cavablandırıb.

Qeyd edək ki, Cəlal Abbasov, həm də BMT-nin “Ümumdünya İnsan Hüquqları” Bəyannaməsinin 50 illiyinə həsr olunmuş müsabiqənin qalibidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.