MƏDƏNİYYƏT
Musiqi tariximizdən: “Vağzalı” rəqsi VİDEO
Bakı, 26 aprel (AZƏRTAC). AZƏRTAC-ın “Musiqi tariximizdən” rubrikasında bu dəfə “Vağzalı” rəqsi barədə məlumat verilir.
Rubrikanın qonağı Azərbaycanın Xalq Artisti, rəqqasə Təranə Muradovadır.
Tanınmış rəqqasə “Vağzalı” rəqsinin tarixi barədə geniş məlumat verir.
Bildirilir ki, bu gün Azərbaycan toylarını “Vağzalı”sız təsəvvür etmək mümkün deyildir. Xalqımızın ən qədim və sevimli rəqslərindən biri olan bu el havası adətən, gəlin gətirilərkən ifa edilir.
Süjetdə bu rəqs havasının XIX əsrdə Şuşada yarandığı bildirilir. Rəqsin əsasını təşkil edən və əvvəllər “Qarabağın ağırı” adlanan bu qədim melodiya sonralar iki hissəyə - “Asta Qarabağı” və “Vağzalı” rəqslərinə bölünmüşdür.
Diqqətə çatdırılır ki, son dərəcə zərif, ürəyəyatımlı, həzin melodiya “Vağzalı”nı ənənəvi toy rəqsinə çevirmişdir. Toyun şadlıq təntənəsinin, bir növ, rəmzi kimi səslənir. Rəqs hələ XVI əsrdə Azərbaycanda məskunlaşan Qaraqoyunlu qəbiləsinə məxsus olmuş və “Qarabağın ağırı” adlandırılmışdır. Əsrlər keçdikcə şaxələnərək mövcudluğunu iki - “Asta Qarabağı” və XIX əsrin sonu XX əsrin əvvəllərindən “Vağzalı” adları altında saxlamaqdadır.
Keçmişdə iri şəhər və qəsəbələr arasında yeganə nəqliyyat vasitəsi qatarlar olduğundan gəlini digər şəhərə vağzaldan həmin bu həsrət və sevinc dolu “Qarabağın ağırı”nın sədaları altında yola salardılar. Sonralar buna görə də bu rəqs xalq arasında elə “Vağzalı” adı altında məşhurlaşmışdır.