REGİONLAR
Musiqi və incəsənət məktəbləri rəhbərlərinin iştirakı ilə zona müşavirəsi
Xırdalan şəhərində Mədəniyyət və Turizm Nazirliyinin rayon uşaq musiqi və incəsənət məktəbləri rəhbərlərinin iştirakı ilə zona müşavirəsi keçirilib. Tədris işinin təşkilinə həsr olunmuş müşavirədə Abşeron, Qubadlı, Xızı rayonlarından və Sumqayıt şəhərindən nümayəndələr iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Xırdalan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev parkında ucaldılan Bayraq meydanı ilə tanışlıq olub.
Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov parkda yerləşən Heydər Əliyev Mərkəzi haqqında məlumat verib.
Mərkəzdə keçirilən zona müşavirəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, Mədəniyyət və Turizm Nazirliyinin əmr və kollegiya qərarları, habelə uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətini tənzimləyən aidiyyəti normativ-hüquqi aktlar, məktəblərin nümunəvi əsasnaməsi, tədris planları və proqramlarının tələb və müddəaları ilə bağlı zəruri məlumat və izahatlar verilib. Eyni zamanda, məktəb rəhbərlərinin tədris işinin təşkili, məktəbin idarə edilməsi ilə bağlı sualları cavablandırılıb, təklifləri dinlənilib.
Müşavirədə, həmçinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən hazırlanan “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində tədris kabinetlərinin tərtibatı üzrə metodiki tələblər”in layihəsi müzakirə olunub, rəy və təkliflər bildirilməsi üçün məktəb kollektivlərində də baxılması tövsiyə edilib.