MƏDƏNİYYƏT
“Musiqiçi rəssamlar” adlı albomun təqdimatı olub
Bakı, 21 oktyabr, Aynur İsmayılova, AZƏRTAC
Oktyabrın 22-də Üzeyir Hacıbəylinin ev-muzeyinin sərgi salonunda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Humay Fərəcovanın “Musiqiçi rəssamlar” adlı fərdi layihəsinin və eyniadlı albomun təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov çıxış edərək layihə və albom haqqında məlumat verib.
Bildirilib ki, layihənin əsas məqsədi 20-yə yaxın görkəmli Azərbaycan bəstəkarlarının, ifaçılarının (Üzeyir Hacıbəyli, Arif Məlikov, İsmayıl Hacıbəyov və b.), həmçinin bu günün ən gənc, istedadlı musiqiçilərinin rəssamlıq sahəsində olan bacarıqlarını ictimaiyyətə çatdırmaqdır. Bu məqsədlə də “Musiqiçi rəssamlar” albomu çap olunub. Albomda Azərbaycan musiqi incəsənətində böyük xidmətləri olan bir çox incəsənət nümayəndələrinin və bugünkü gənc nəslin rəssamlıq sahəsində olan bacarıqları və onlar haqqında məlumat yer alıb.
Bütün iştirakçılara minnətdarlığını bildirən Humay Fərəcova deyib ki, layihənin birinci məqsədi tanınmış musiqiçilərin rəssamlıq sahəsində bacarıqlarını göstərməkdirsə, ikinci məqsəd bu ənənələri davam etdirən gənc musiqiçi nəslində inam yaratmaq, stimul vermək və onları həvəsləndirməkdir.
Tədbir konsert proqramı ilə davam edib.
Sonda tədbir iştirakçıları muzeyin sərgi salonunda albomda yer almış əsərlərlə yaxından tanış olublar.