MƏDƏNİYYƏT


Musiqili Teatr 107-ci mövsümü premyera ilə yekunlaşdıracaq

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci mövsümü premyera ilə yekunlaşdıracaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 14-də və 15-də tamaşaçılara özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” ikihissəli komediyası təqdim ediləcək. Əsəri Azərbaycan dilinə Dilsuz Mustafayev tərcümə edib.

Yeni səhnə əsərinin ilk baxışdan sadə süjet xəttinə malik olduğu görünsə də, hadisələr inkişaf etdikcə, bu sadəliyin arxasında çox dərin mətləblərin gizləndiyi üzə çıxmağa başlayır. Türk dünyasının kamillik, müdriklik rəmzi olan Molla Nəsrəddinin beş arvadı ilə macəraları, tərəflərin bir-birinə qarşı qurduğu oyunlar, hiylələr gülməli olduğu qədər də düşündürücüdür. Dinamik hadisələr, gözlənilməz və qəhqəhə dolu situasiyalarla zəngin səhnə əsərində bir daha Molla Nəsrəddinin bütün dövrlərin müasiri olduğu təsdiqini tapır.

Tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Elnarə Nağdəliyeva, Əliməmməd Novruzov, Mehriban Zalıyeva, Ruslan Mürsəlov və başqaları ifa edirlər.

Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar Artist Zakir Ağayev və Yelena Ağayevadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.