MƏDƏNİYYƏT
Musiqili Teatr mövsümü “O olmasın, bu olsun” tamaşası ilə başa vuracaq
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı 105-ci mövsümünə iyulun 12-də yekun vuracaq.
Teatrın Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mövsümün bağlanış günü dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası nümayiş olunacaq.
Qeyd edək ki, bu səhnə əsəri teatrın 105-ci mövsümdəki ən uğurlu tamaşalarından olub. Tamaşada Məşədi İbad obrazını canlandıran əməkdar artist Şövqi Hüseynov bu rolun ifasına görə Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” Milli Mükafatına layiq görülüb.
Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır. Rolları sevimli gülüş ustası, xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Amil Məmmədov, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa edirlər.
Bildirilib, sona çatmaqda olan mövsüm teatr üçün uğurlu və əlamətdar hadisələrlə zəngin olub. Belə ki, mövsüm boyu bir sıra tamaşaların premyerası keçirilib, teatrın aktyorları səmərəli fəaliyyətlərinə görə müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar. Ən əsası Musiqili Teatrın bir çox tamaşaları Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ingilis dilinə tərcümə edilərək birinci Avropa Oyunları ilə əlaqədar ölkəmizə gəlmiş qonaqlara – turistlərə, idmançılara subtitrlər vasitəsilə təqdim olunub.