MƏDƏNİYYƏT
Musiqili Teatr növbəti ilkə imza atıb
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı növbəti ilkə imza atıb.
Teatrın Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Musiqili Teatr 105-ci mövsümünün başa çatması ilə əlaqədar yaradıcılıq fəaliyyətləri ilə seçilən, sənət uğurları, öz peşələri ilə hər kəs tərəfindən sevilən, teatrın inkişafina xidmət edən əməkdaşlarını mükafatlandırıb.
Mükafatlandırma mərasimində teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev qeyd edib ki, teatr tariximizdə ilk dəfə arxada qalan mövsümün belə bir bayram əhval-ruhiyyəli tədbirlə dəyərləndirilməsi xüsusilə gənclərin gələcək fəaliyyətlərində mühüm rol oynayacaq, onlara böyük stimul verəcək.
Sonra mükafatlar təqdim edilib. Gültac Əlili "Mövsümün aktrisası", Amil Həsənoğlu "Mövsümün aktyoru", Cəlalə Novruzlu "Mövsümün ən yaxşı balet artisti", Səma Cəfərova "Mövsümün ən yaxşı xor artisti", Hacı Məmmədov "Mövsümün ən yaxşı musiqiçisi (orkestr artisti)", Yelena Almazova "Mövsümün ən yaxşı sex rəisi", Məcid Hüseynov "Mövsümün ən yaxşı texniki işçisi", Əzizağa Əzizov "Mövsümün sevilən aktyoru", Əliməmməd Novruzov "Mövsümün perspektivli aktyoru", Svetlana Bulax "İlin yubilyarı" və Nabat Səmədova "Günün yubilyarı" seçilib. Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluş verdiyi "Toya bir gün qalmış" tamaşası isə "İlin ən yaxşı tamaşası" nominasiyasının qalibi olub.
Sonra xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi sənətkarın adına "Büllur alma" mükafatı əməkdar artist Səidə Şərifəliyevaya və aktyor Səmədzadə Xasıyevə təqdim olunub. Bütün qaliblərə pul mükafatları və xüsusi prizlər verilib.
Daha sonra aktyorlar Emil Heydərov, Marina Litvenonko, Mehriban Zalıyeva və Elnarə Nağdəliyeva mövsüm boyu göstərdikləri səmərəli fəaliyyətlərinə görə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri diplomları ilə təltif olunublar.
Tədbir konsert proqramı ilə davam edib.