MƏDƏNİYYƏT


Musiqili Teatrda “999-cu gecə” tamaşası nümayiş olunacaq

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrında ötən mövsümün uğurlu tamaşalarından biri olan “999-cu gecə” adlı ikihissəli musiqili tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin növbəti nümayişi sentyabrın 25-də olacaq. Görkəmli bəstəkar, SSRİ Xalq Artisti Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin musiqiləri, ölməz mahnıları və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” böyüklər üçün nağıl-tamaşadır. Tamaşanın süjet xəttinin əsasını çəkməçi Marufla ifritə arvadı arasındakı təzadlı, ziddiyyətli münasibətlər təşkil edir. Bu nağıl “Min bir gecə”də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı “999-cu gecə” adlandırıb. Gözlənilməz vəziyyətlərlə zəngin olan səhnə əsərində maraqlı dekorasiyadan istifadə olunub. Belə ki, dekorasiya 2 mərtəbəlidir və hər mərtəbə də simvolik mənaya malikdir. Süjet xəttinin əsasını xeyirlə şərin əbədi qarşıdurması fonunda böyük bir eşq uğrunda mübarizə təşkil edir.

Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar Artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Sevinc Məmmədova və Sara Kərimlidir.

Rolları Məhərrəm Qurbanov, Nicat Əli, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Gültac Əlili, Ruslan Mürsəlov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edəcəklər.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.