MƏDƏNİYYƏT


Musiqili Teatrda Hacıbaba Bağırovun 85 illiyi qeyd olunub

Bakı, 12 iyun, AZƏRTAC

Böyük gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq Artisti Hacıbaba Bağırovun 85 iliyi ilə əlaqədar Musiqili Teatrda silsilə tədbirlər həyata keçirilib.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatr tərəfindən böyük sənətkarın 85 illiyi ilə bağlı xüsusi tədbirlər planı hazırlanıb. Əvvəlcə teatr və kino tariximizdə özünəməxsus yeri olan unudulmaz aktyorun məzarı ziyarət edilib. Burada teatrın kollektivi ilə yanaşı, Hacıbaba Bağırovun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, onu sevənlər iştirak edib.

Musiqili Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev, Xalq Artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, gənc aktrisa Gültac Əlili çıxışlarında mədəniyyət tariximizə adını qızıl hərflərlə yazmış Hacıbaba Bağırovun sənətinin böyüklüyündən, canlandırdığı obrazların özünəməxsusluğundan söz açaraq onunla bağlı xatirələrini bölüşüblər, böyük sənətkarın işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyiblər.

Bildirilib ki, Hacıbaba Bağırov Azərbaycan kino və teatr tarixində əbədi iz qoyan şəxsiyyətlərdən biridir. Xalqımız hər zaman onun xatirəsini ehtiramla yad edir.

Yubiley tədbirləri çərçivəsində daha sonra Musiqili Teatrda Hacıbaba Bağırovun yadigarı, qızı Şölə Bağırovanın rəsmlərindən ibarət təşkil olunan sərginin açılışı olub. Sərginin açılış mərasimində Musiqili Teatrın direktoru Əliqismət Lalayev, Əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, aktyor Nadir Xasıyev və başqaları Hacıbaba Bağırovla bağlı unudulmaz məqamlardan söz açıb, onun yadigarı olan Şölə Bağırovaya atasına layiq övlad olmağı, yaradıcılıq uğurları arzulayıblar.

Tədbirin sonunda çıxış edən Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova mərhumun ailəsi adından Dövlət Musiqili Teatrının kollektivinə, görkəmli aktyorun sənətini sevən hər kəsə minnətdarlığını bildirib.

“Musiqili Teatrın rəhbərliyi hər zaman bizə diqqətlə yanaşıb. Bu gün Şölənin fərdi sərgisinin təşkil olunması da teatr rəhbərliyinin təklifi və təşkilatçılığı ilə baş tutub. Hacıbaba Bağırovun xatirəsinə, sənətinə, ailəsi olaraq hər zaman bizə göstərdiyi diqqət və qayğıya görə Əliqismət Lalayev başda olmaqla əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”, - deyə A.Bağırova söyləyib.

Silsilə yubiley tədbirlərinin sonunda vaxtı ilə Hacıbaba Bağırovun Məşədi İbad obrazını canlandırdığı dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” ikihissəli musiqili komediyası nümayiş olunub.

Tamaşanın nümayişindən əvvəl Musiqili Teatrın ədəbi hissə müdiri, Əməkdar Mədəniyyət İşçisi Telli Pənahqızı Hacıbaba Bağırovun həyat və yaradıcılığı haqqında çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.