MƏDƏNİYYƏT
Musiqili Teatrda Milli Qurtuluş Günü qeyd olunub
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrında 15 İyun - Milli Qurtuluş Günü qeyd olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə teatrda “Heydər Əliyev dərsi” keçirilib. Dərsi açıq elan edən Musiqili Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev Milli Qurtuluş Gününün Azərbaycan xalqının şanlı tarixindəki parlaq səhifələrdən biri olduğunu qeyd edib.
“Müasir Azərbaycan dövlətçiliyinin əsası məhz 15 iyun tarixində qoyuldu. Əgər o zaman ümummilli lider Heydər Əliyev parçalanmaq, dağılmaq həddində olan ölkəmizə sahib çıxmasaydı, yəqin ki, indi dünya xəritəsində Azərbaycan adlı dövlət yox idi”, - deyə Ə.Lalayev bildirib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin həyat və fəaliyyətindən, böyük liderə ehtiyac duyulan bir vaxtda xalqın səsinə səs verərək 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından və bununla da ölkəni xaosdan, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etməsindən bəhs edib.
Daha sonra Musiqili Teatrın gənc əməkdaşları - Əməkdar Artist Əkbər Əlizadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Vəfa Mühacirova, gənc aktyorlar Yuliya Heydərova, Gültac Əlili çıxış edərək Heydər Əliyev dühasının Azərbaycan xalqına verdiyi misilsiz töhfələrdən, 15 İyun - Milli Qurtuluş Gününün onların və ailələrinin həyatında oynadığı roldan danışıblar.