MƏDƏNİYYƏT


Musiqili Teatrda Xalq Artisti Mobil Əhmədovun xatirəsi yad edilib

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrında özünəməxsus ifa tərzi ilə yaddaşlarda iz qoyan Xalq Artisti Mobil Əhmədovun xatirəsi anılıb.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” iki hissəli musiqili komediyasının növbəti nümayişi Mobil Əhmədovun 85 illiyinə həsr olunub.

Tamaşanın nümayişindən əvvəl teatrın ədəbi hissə müdiri, Əməkdar Mədəniyyət İşçisi Telli Pənahqızı Mobil Əhmədovun həyat və yaradıcılığı barədə məlumat verib. O, aktyorun canlandırdığı obrazların hər zaman tamaşaçılar tərəfindən sevildiyini, böyük maraq və rəğbətlə qarşılandığını, özünəməxsus ifa tərzinə malik olduğunu vurğulayıb. Bildirib ki, Mobil Əhmədov 40 ilə yaxın Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərib, müxtəlif səhnə əsərlərində bir-birindən maraqlı obrazlar ifa edib. O, uzun illər “O olmasın, bu olsun” tamaşasında Sərvər rolunu oynayıb. Onun yaratdığı Sərvər tam fərqli idi, özünəməxsusluğu ilə seçilirdi.

Qeyd edilib ki, sənətkar Azərbaycan Dövlət Musiqili Teatrda işlədiyi təqribən 40 il ərzində 70-dən çox tamaşada müvəffəqiyyətlə çıxış edib. Yüksək ifaçılıq qabiliyyətinə malik olan M.Əhmədovun 600-dən çox lent yazısı, 40 valı qalıb. Eyni zamanda, o, müəllim-pedaqoq kimi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Uşaq Filarmoniyasında və 22 nömrəli musiqi məktəbində tələbə və şagirdlərə vokal sənətinin sirlərini öyrədib.

Mobil Əhmədov 2006-cı il iyunun 2-də Bakıda vəfat edib və doğulduğu Gəncə şəhərində dəfn olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.