MƏDƏNİYYƏT


Musiqili Teatrda bir gündə iki premyera

Bakı, 1 iyun, AZƏRTAC

İyunun 2-də Azərbaycan Dövlət Musiqili Teatrında “Bremen musiqiçiləri və Pen” musiqili nağıl-tamaşanın premyerası olacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirib ki, yaradıcılıq studiyasında gənclər tərəfindən hazırlanan bu nağıl-tamaşa böyük səhnəyə vəsiqə qazanıb. Uşaqlar üçün nəzərdə tutulan yeni səhnə əsərini Anar Sadıqov Ceyms Barrinin “Piter Pen və Vendi” və Qrimm qardaşlarının məşhur “Bremen musiqiçiləri” nağıllarının süjetləri əsasında səhnələşdirib. Maraqlı hadisələrlə zəngin tamaşanın premyerası bir gündə iki dəfə baş tutacaq. Səhnə əsərində əsas məqsəd dostluğun, ləyaqətin insan həyatında rolunu dinamik və əyləncəli süjet xəttilə balaca tamaşaçılara çatdırmaqdır. Uşaqların sevimli qəhrəmanlarının tamaşada görünməsi daha çox maraq doğurur. Kapitan Kruk yanlış məlumat əsasında Piter Peni həbs etmək istəyərkən çaya yıxılır. Bu zaman onun əlini timsah yeyir və bu, kapitan Krukun Piter Penə düşmən kəsilməsinə səbəb olur. Getdikcə bu mənasız düşmənçilik böyük bir ədavətə çevrilir. Bu arada onların yaşadığı şəhərcikdə vals yarışması təşkil olunur. Piter Penin sevgilisi Vendi çox gözəl bir qızdır. Onlar bu yarışmada iştirak etməyə qərar verirlər. Hamı onların qalib gələcəyinə inanır. Bunu eşidən kapitan Kruk Piter Penin sevgilisi Vendini qaçırır. Məhz bundan sonra xeyirxahlıqları və cəsurluqları ilə dünyaya səs salan Bremen musiqiçiləri işə qarışmalı olur. Gözlənilmədən axarı dəyişən hadisələrin cərəyanı pik həddinə çatır.

Tamaşada rolları teatrın gənc aktyorları Əmrah Dadaşov, Nicat Əli, Zaur Əliyev, Ruslan Mürsəlov, Aydan Həsənova, Dəniz Tacəddin, Zarina Qurbanova, Cəlalə Novruzlu, Fərid Rzayev, Murad Əliyev, Eleanora Mehdiyeva, Şaban Cəfərov, Pərvin Dadaşova və Elməddin Dadaşov ifa edirlər.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru və musiqi tərtibatçısı Zaur Əliyev, quruluşçu-rəssamı Afaq Bayramova, rejissorları Elməddin Dadaşov, Anar Sadıqov, quruluşçu-baletmeysterləri Əməkdar artist Zakir Ağayev, Yelena Ağayeva, işıq rəssamı Fuad Qədirov, rejissor-assistenti Sevinc Məmmədovadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.