MƏDƏNİYYƏT
Musiqili Teatrda bir gündə iki premyera
Yaradıcı yenilikləri ilə öz tamaşaçılarını sevindirən Azərbaycan Dövlət Musiqili Teatrında oktyabrın 25-də əsl bayram yaşanacaq.
Teatrın kollektivi tamaşaçılarına eyni gündə iki yeni tamaşa təqdim edəcək. Günorta seansında balaca tamaşaçılarını “Düyməcik” tamaşası ilə sevindirən yaradıcı heyət axsam dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasını yeni quruluşda təqdim edəcək. Hazırda teatrda paralel şəkildə hər iki tamaşanın son məşqləri aparılır.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məşhur Danimarka yazıçısı Hans Xristian Andersenin “Düyməcik” nağıl-tamaşasının rejissoru Əməkdar Artist Boris Qrafkindir. Tamaşada rəqslərə Zakir Ağayev və Yelena Ağayeva quruluş verib. Rolları teatrın sevilən aktyorlarından Yuliya Heydərova, Svetlana Bulax, Nadejda Povelisina, Emil Heydərov, Gülnarə Əzizova, Firuz Məmmədov və başqaları canlandıracaqlar.
Dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının quruluşçu rejissoru isə Xalq Artisti Cənnət Səlimova, dirijoru Fəxrəddin Atayev, konsertmeysteri Zülfiyyə Sadıxovadır.
Məşədi İbadı əməkdar artistlər Çingiz Əhmədov, Ələkbər Əliyev və Şövqü Hüseynov, Gülnazı Əməkdar Artist Səidə Şərifəliyeva və Gültac Əlili təqdim edəcəklər. Xalq Artisti Afaq Bəşirqızı, Əməkdar Artist Naidə Orucova və gənc aktrisa Gülnarə Abdullayeva Sənəmi, Əməkdar Artist Əkbər Əlizadə və Elxan İsmayılov İntelligent Həsəni, Əməkdar Artist Novruz Əliyev və Ziyadxan Cəbrayılov Məşədi Qəzənfəri, Möylə Mirzəliyev Rüstəm bəyi, Elvin Əliyev və Amil Məmmədov Sərvəri, Əzizağa Əzizov Qoçu Əsgəri, Nadir Xasıyev, Səmədzadə Xasıyev Həsənqulu bəyi, Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov Qəzetçi Rzanı, Hüseyn Əlili və Ağaxan Şərifov isə Hambalı oynayacaqlar.