MƏDƏNİYYƏT
Musiqili Teatrda ilin ilk premyerası
Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrında 2017-ci ilin ilk premyerası keçiriləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 11-də İmre Kalmanın məşhur olan “Silva” operettası tamaşaçılara təqdim olunacaq.
Əsərin süjet xəttini saf, təmiz, böyük sevgi hekayəsi təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bundan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır. Məhz bu mübarizə nəticəsində sonda bir çox qaranlıq mətləblərə aydınlıq gəlir.
Qeyd edək ki, Musiqili Teatrın rus bölməsi tərəfindən hazırlanan yeni tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Boris Lukinski, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar Mədəniyyət İşçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar Artist Vaqif Məstanov, dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, konsertmeysteri Emin Həsənovdur.
Tamaşada rolları Əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Rauf Babayev, Emil Heydərov, Yuliya Heydərova, Aydan Həsənova, Marina Litvinenko, Firuz Məmmədov, Nicat Əli, Elçin İmanov, Telnaz Hüseynova və Elməddin Dadaşov ifa edirlər.
Teatrsevərlər bu maraqlı səhnə əsərini izləmək üçün biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.