MƏDƏNİYYƏT
Musiqili Teatrın daha bir aktyoru İran filminə dəvət olunub
Bakı, 12 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrının daha bir aktyoru İran İslam Respublikasında filmə çəkilmək üçün dəvət edilib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aktyor Elxan İsmayılov artıq çəkilişlərinə start verilən bədii filmdə əsas rollardan birini - Komandir obrazını canlandıracaq. Film İran İslam Respublikasının tanınmış “Günəşfilm” studiyası tərəfindən istehsal olunur. Şərti adı “Sərhəd” olan (“Arpa çayı – ayrılıq nəğməsi”) tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi İranın məşhur sənətçilərindən biri olan Ali Abdalidir.
Xatırladaq ki, filmdə baş rolu – Aydın obrazını Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktyoru, tamaşaçıların Xalq Yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyasının qəhrəmanı kimi yaxşı tanıdığı Əmrah Dadaşov ifa edir.