MƏDƏNİYYƏT
Musiqili Teatrın direktoru beynəlxalq konfransda qaçqın teatrlarımızın vəziyyətindən danışıb
Bakı, 31 oktyabr, AZƏRTAC
İran İslam Respublikasının paytaxtı Tehranda bu gün öz işinə başlayan Beynəlxalq Teatr Konfransında ölkəmizi Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev təmsil edir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ə.Lalayev konfransda “Azərbaycan teatrı və onun inkişaf yolları” mövzusunda məruzə ilə çıxış edib. O, cəmiyyətdə teatrların yeri və rolu barədə söhbət açaraq dünyada analoqu olmayan qaçqın teatrlarımızdan xüsusi danışıb. Ə.Lalayev Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən sonra köçkünlük şəraitində fəaliyyətini davam etdirən İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Ağdam və Füzuli Dövlət Dram teatrlarının hazırkı fəaliyyətindən, vəziyyətindən, onlara göstərilən dövlət qayğısından söz açıb. O, müharibə zamanı bu sənət məbədlərinə ciddi ziyan dəydiyini, onların əmlaklarının, səhnə dekorasiyalarının, rekvizitlərinin, səhnə geyimlərinin döyüş bölgələrində - Azərbaycanın işğal olunmuş əzəli-əbədi, tarixi ərazilərində qaldığını, həmin teatrların binalarının azğın ermənilər tərəfindən vəhşicəsinə talan edilərək dağıdıldığını diqqətə çatdırıb.
Qeyd edək ki, iki gün davam edəcək konfransa İran, Əlcəzair, Əfqanıstan, İraq, Livan, Oman, Pakistan, Qətər, Suriya, Tunis və başqa ölkələrdən dəvət olunmuş mədəniyyət xadimləri və tanınmış teatr sənətçiləri qatılıblar.