MƏDƏNİYYƏT
Musiqili Teatrın fevral repertuarı maraqlı tamaşalarla zəngindir
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci mövsümün fevral ayı üçün repertuar planını açıqlayıb.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Musiqili Teatr bu ay da zəngin və maraqlı repertuarla çıxış edəcək. Ay ərzində teatrın səhnəsində “O olmasın, bu olsun”, “Baladadaşın toy hamamı”, “Mən dəyərəm min cavana”, “999-cu gecə”, “www-ferzeli-kef.com”, “Toya bir gün qalmış”, “Kimdir müqəssir?”, “Talelər qovuşanda” və başqa tamaşalar nümayiş olunacaq. Habelə rusdilli və balaca tamaşaçılar “Silva”, “Qafqazlı qardaşqızı”, “Yağış göbələyinin macərası”, “Qızıl cücə”, “Bir dayan, canavar!”, “Düyməcik”, “Dəcəl çəpişlər”, “Meşə çaqqalsız olmaz”, “Qırmızı papaq” və başqa səhnə əsərlərini izləyə biləcəklər.
Fevral ayında Dövlət Musiqili Teatrında 107-ci mövsümün növbəti premyerası da planlaşdırılır. İlyas Əfəndiyevin eyniadlı pyesi və Qara Qarayevin musiqiləri əsasında hazırlanan “Mənim günahım” tamaşası fevralın əvvəllərində təqdim ediləcək.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.