MƏDƏNİYYƏT
Musiqili Teatrın kollektivi Təbrizdən qayıdıb
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında iştirakını başa vuraraq Təbrizdən vətənə qayıdıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Musiqili Teatrın bu nüfuzlu festivalda iştirakı çox uğurlu və yaddaqalan olub.
“Əminliklə deyə bilərəm ki, bizim bu səfərimiz çox səmərəli və uğurlu oldu. Düşünürəm ki, dünyanın təqribən 20 ölkəsinin teatrlarının qatıldığı bu beynəlxalq festivalda ölkəmizi layiqincə təmsil etdik. Festivalının açılış mərasimində çıxış edərək çağdaş Azərbaycan teatrı haqqında məlumat verdim, müasir dünya teatr sənətində gedən proseslərlə bağlı fikirlərimi bölüşdüm. Teatrımız festivalda Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” iki hissəli musiqili komediyasını nümayiş etdirdi. Tamaşanın nümayişi böyük coşqu və anşlaqla keçdi. Tamaşaçıların bizə olan sevgisini sözlə ifadə etməkdə çətinlik çəkirəm. Məhz Təbrizli tamaşaçıların xahişi ilə “Ər və arvad” tamaşasını ikinci dəfə nümayiş etdirdik. Teatrımızın üç üzvü festivalın mükafatına layiq görüldü. Eyni zamanda, biz fürsətdən istifadə edərək Azərbaycan nümayəndə heyətinin üzvləri ilə birlikdə böyük şair Məhəmmədhüseyn Şəhriyarın məqbərəsini və Təbriz şəhərində yerləşən Azərbaycan muzeyini ziyarət etdik”, - deyə teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev bildirib.