MƏDƏNİYYƏT


Musiqili Teatrın kollektivi Tehrana yola düşüb

Bakı, 7 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayevin rəhbərliyi ilə İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə yola düşüb. İranda keçirilən Azərbaycan mədəniyyət günlərinin nümayəndə heyətinə daxil edilən Musiqili Teatrın kollektivi Tehranda olduğu müddətdə dahi Üzeyir Hacıbəylnin “Ər və arvad” tamaşasını nümayiş etdirəcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, ölkəmizi teatr kollektivi olaraq bu mötəbər tədbirdə Musiqili Teatr təmsil edəcək.

“Böyük Üzeyir Hacıbəylinin “Ər və arvad” ikihissəli musiqili komediyasını Tehranın “Hünər” Sarayında iki dəfə - iyulun 7-də və 8-də qonşu və dost ölkənin teatrsevərlərinə təqdim edəcəyik. Xatırladım ki, biz bir neçə ay öncə İran İslam Respublikasında keçirilən, dünyanın təqribən 20 ölkəsinin teatrlarının qatıldığı 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında da “Ər və arvad” tamaşası ilə iştirak etmişdik. Tamaşanın nümayişi böyük coşqu və anşlaqa səbəb olmuşdu. Təbrizli tamaşaçıların xahişi ilə biz o zaman istisna olaraq “Ər və arvad”ı ikinci dəfə nümayiş etdirdik. Teatrımızın üç üzvü 35-ci Fəcr Beynəlxalq Teatr Festivalının mükafatına layiq görüldü. Azərbaycan Respublikasının Əməkdar artistləri Nahidə Orucova “Ən yaxşı qadın rolunun ifaçısı”, Ələkbər Əliyev və Əkbər Əlizadə isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib elan olundular. İnanıram ki, Azərbaycan mədəniyyət günləri çərçivəsində də iştirakımız uğurlu olacaq, ölkəmizi layiqincə təmsil edəcəyik”, - deyə Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev bildirib.

Qeyd edək ki, “Ər və arvad” tamaşasının quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar Rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Əməkdar Artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar Artist Vaqif Məstanovdur.

Tamaşada rolları Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.