MƏDƏNİYYƏT
Musiqili Teatrın kollektivi Tehrandan qayıdıb
Bakı, 10 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrının İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə səfəri başa çatıb.
Qurumun mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, İranda keçirilən Azərbaycan mədəniyyəti günlərinin nümayəndə heyətinə daxil edilən Musiqili Teatrın kollektivi Tehranın “Hünər” sarayında dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşası ilə çıxış edib.
“İran İslam Respublikasında təşkil olunan Azərbaycan mədəniyyəti günləri çox uğurla keçdi. Musiqili Teatr bu mötəbər tədbirdə iştirak edən yeganə teatr kollektivi idi. İranlı teatrsevərlərə Üzeyir Hacıbəylinin “Ər və arvad” ikihissəli musiqili komediyasını iyulun 7-də və 8-də nümayiş etdirdik. Tamaşanın hər iki nümayişi böyük coşquya səbəb oldu, əsl anşlaq yaşandı. İranın müxtəlif bölgələrindən – Ərdəbildən, Təbrizdən, Miyanədən, Kirmanşahdan və başqa şəhərlərdən məhz bizim tamaşanı izləməyə gəlmişdilər. Yerli teatrsevərlər səngimək bilməyən alqışları, gül dəstələri ilə sevgilərini nümayiş etdirirdilər. Tamaşadan sonra ölkəmizin İran İslam Respublikasındakı səfiri Bünyad Hüseynov və İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Əsgər Farsi səhnə arxasına gələrək kollektivimizlə görüşdülər. Düşünürəm ki, 107-ci teatr mövsümünün sonunda Tehrandakı çıxışımız ölkəmizin və teatrımız adına çox böyük bir uğur oldu”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev bildirib.
Qeyd edək ki, “Ər və arvad” tamaşasının quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar Rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Əməkdar Artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar Artist Vaqif Məstanovdur.
Tamaşada rolları Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa ediblər.