MƏDƏNİYYƏT
Musiqili teatrın aktrisası “Operetta və müzikl ulduzları” festivalında
Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı səhnə ustası, Əməkdar Artist Nərgiz Kərimova Qazaxıstanın Karaqanda şəhərində “Operetta və müzikl ulduzları” IV beynəlxalq festivalda Azərbaycanı təmsil edir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, solist-vokalist kimi öz imkanlarından geniş istifadə edən, gözəl aktyorluq qabiliyyətinə malik Nərgiz Kərimova Bakıda “Qızıl payız-89” respublika, 1990-cı ildə Moskvada “Yeni adlar” III Ümumittifaq müsabiqələrinin laureatı olub. O, 1991-ci ildə Almatı şəhərində M.Qlinka adına XIV Beynəlxalq Vokalçılar Müsabiqəsinin diplomuna layiq görülüb.
Nərgiz Kərimova dünyanın bir sıra ölkələrində təşkil olunan Azərbaycan Mədəniyyəti Günlərində iştirak edib, simfonik və kamera orkestrlərinin müşayiəti ilə klassik və müasir əsərləri böyük ustalıqla oxuyub. 2002-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərən aktrisa Nərgiz (“Talelər qovuşanda”), Mülayim (“Volqalı canan”), Mələk (“Bir günlük siğə”), Süsən (“Aldın payını, çağır dayını”), Gülnaz (“O olmasın, bu olsun”), Səbinə (“Qısqanc ürəklər”), Bildirçin (“Milyonçunun dilənçi oğlu”), Gülçöhrə (“Arşın mal alan”), Keto (“Xanuma”) rollarını özünəməxsus ustalıqla oynayaraq, yaddaqalan obrazlar silsiləsi yaradıb.