SİYASƏT
Müstəqil Azərbaycan Cənubi Qafqazda lider dövlətdir VİDEO
Vyana, 29 may (AZƏRTAC). 28 May – Respublika Günü münasibətilə Azərbaycanın Avstriyadakı səfirliyində rəsmi qəbul təşkil olunmuşdur.
Qəbulda Avstriyanın dövlət və hökumət rəsmiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, işgüzar dairələrin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak etmişlər.
Mərasimdə əvvəlcə Azərbaycanın və Avstriyanın dövlət himnləri səsləndirilmişdir.
Sonra Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxış edərək 96 il bundan əvvəl müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs etmiş, qısa, lakin şərəfli yol keçmiş bu müstəqil dövlətin xalqımızın yaddaşında silinməz iz qoyduğunu bildirmişdir. Diplomat 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda mürəkkəb siyasi vəziyyətin yarandığını, dövlətçiliyə qarşı ciddi təhlükələrin mövcud olduğunu, ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmizin müasir inkişaf yoluna qədəm qoyduğunu qeyd etmişdir. Bildirilmişdir ki, bu gün Azərbaycan sürətlə inkişaf edən, yerləşdiyi regionda söz sahibi olan, sosial-iqtisadi cəhətdən tərəqqi edən güclü bir dövlətə çevrilmişdir. Aparılan uğurlu daxili və xarici siyasət nəticəsində ölkənin beynəlxalq nüfuzu getdikcə yüksəlir, mühüm islahatlar və quruculuq işləri aparılır, Avropaya inteqrasiya istiqamətində ciddi addımlar atılır.
Avstriya parlamentinin vitse-spikeri Karlhaynts Kopf təbrik çıxışında XX əsrin əvvəllərində azadlıq və demokratiya kimi ümumbəşəri anlayışların beynəlxalq aləmdə hələ yeni-yeni təşəkkül tapmağa başladığı vaxtda Azərbaycanda artıq demokratik respublikanın qurulmasını yüksək qiymətləndirmiş, xalqımızın müstəqil dövlətçiliyini yenidən bərpa etməsinin və keçdiyi inkişaf yolunun təqdirəlayiq olduğunu bildirmişdir. O, bir müddət əvvəl Bakıya səfəri zamanı gənc Azərbaycan dövlətinin sürətli inkişafının canlı şahidi olduğunu vurğulamış, ölkələrimiz arasında ikitərəfli münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Tədbirin bədii hissəsində Azərbaycan və Avstriya musiqiçiləri Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini, eləcə də xalq mahnılarımızı ifa etmişlər.
Sonra ziyafət təşkil olunmuşdur.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana