REGİONLAR


Müstəqil Azərbaycan qətiyyətli daxili və xarici siyasət yürüdür, möhtəşəm nailiyyətlər əldə edir

A+ A

Naxçıvan, 19 oktyabr, AZƏRTAC

Müstəqilliyinin bərpasının 25 illiyini qeyd edən Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyevin ideyaları işığında sürətlə inkişaf edir, onun beynəlxalq aləmdəki nüfuzu gündən-günə daha da artır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan Dövlət Universitetində (NDU) fəaliyyət göstərən Heydər Əliyev Universitetində “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirilən məşğələdə səsləndirilib.

Məşğələdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan xalqının milli müstəqillik uğrunda çoxəsrlik mübarizəsindən, verdiyi qurbanlardan, milli müstəqilliyimizin bugünkü nailiyyətlərindən söhbət açıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” 2016-cı il 11 oktyabr tarixli Sərəncamının əhəmiyyətini vurğulayan rektor bugünkü gəncliyin dövlətə, dövlətçiliyə sədaqətli olmasının vacibliyini qeyd edib.

NDU-nun Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev mövzu ilə bağlı məruzəsində milli müstəqilliyin hər xalqa nəsib olmayan milli-mənəvi sərvət olduğunu bildirib. Deyib ki, XX əsrin sonlarında geniş vüsət almış milli azadlıq hərəkatı 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi kimi tarixi qələbə ilə nəticələnsə də, xarici düşmənlərin təsiri ilə ölkədə yaranmış siyasi çəkişmələr, vətəndaş qarşıdurması milli müstəqilliyimizi itirmək təhlükəsi yaratmışdı. Məhz belə bir məqamda yenidən siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev müstəqil dövlət quruculuğuna yönəlmiş uzaqgörən siyasəti ilə ölkəmizi bəlalardan xilas etdi, müstəqil Azərbaycanı dinamik inkişaf yoluna çıxardı.

“Dahi şəxsiyyət Azərbaycanın dövlət müstəqilliyinin banisi və qarantı, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallaşdıran Ümummilli Lider kimi tarixə düşüb”, – deyən Zəhmət Şahverdiyev qeyd edib ki, bu gün müstəqil Azərbaycan qətiyyətli daxili və xarici siyasət yürüdür, möhtəşəm nailiyyətlər əldə edir. Bunu uzun illər blokadada olmasına baxmayaraq, sürətli inkişafa nail olan Naxçıvan Muxtar Respublikasının timsalında da aydın görmək olar.

Məşğələdə Azərbaycanın müstəqillik tarixindən bəhs edən slaydlar nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.