REGİONLAR


Müstəqil Azərbaycanda dövlət quruculuğu prosesi 1990-cı illərin əvvəllərində Naxçıvandan başlanıb

A+ A

Naxçıvan, 2 sentyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatı ümummilli lider Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsinin 25-ci ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycanda dövlət quruculuğunun Naxçıvan mərhələsi” mövzusunda elmi-praktik konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində keçirilən konfransı YAP Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli açaraq, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə ölkəmiz və xalqımız üçün gördüyü böyük işlərdən söhbət açıb, onun müstəqil Azərbaycan dövlətinin quruculuğu prosesinə 1990-cı illərin əvvəllərindən Naxçıvandan başladığını qeyd edib.

Konfransda YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacı Fəxrəddin Səfərli “Azərbaycanın qurtuluş tarixi Naxçıvandan başladı” mövzusunda çıxış edib. Bildirib ki, 1990-cı il iyulun 22-də Moskvadan Naxçıvana qayıdan Ulu Öndər sentyabrın 30-da keçirilən seçkilərdə Azərbaycan və Naxçıvan parlamentlərinə deputat seçilib. Məhz onun sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında mühüm tarixi qərarlar qəbul edilib. Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi 1991-1993-cü illər isə yalnız Naxçıvanın deyil, bütövlükdə Azərbaycanın çoxminillik dövlətçilik tarixində mühüm mərhələ oldu.

YAP Naxçıvan Muxtar Respublikası Təşkilatı Siyasi Şurasının üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva “Müasir Naxçıvan ulu öndər Heydər Əliyev siyasətinin əsəridir” mövzusunda çıxışında bildirib ki, XX əsrdə, əsasən aqrar region kimi tanınan Naxçıvan Muxtar Respublikası ümummilli lider Heydər Əliyevin banisi olduğu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində intensiv şəkildə sənayeləşən bölgəyə çevrilib. Ümummilli Lider 1993-cü il iyunun 15-də Azərbaycana rəhbərliyə qayıtdıqdan sonra da Naxçıvana qayğısını əsirgəməyib, Azərbaycan Respublikasının Prezidenti kimi Naxçıvan Muxtar Respublikasına dörd dəfə səfər edib. Onun Naxçıvana göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində muxtar respublikanın hərtərəfli inkişafında yeni mərhələ başlanıb. Bu gün muxtar respublikada dağ-mədən, yeyinti, yüngül, metallurgiya, maşınqayırma, tikinti, mebel və digər sənaye sahələri uğurla inkişaf etməkdədir. Hazırda muxtar respublika müəssisələrində istehsal olunan məhsulların növü 361-ə çatıb və 343 növdə məhsula оlan tələbat tamamilə yеrli istеhsal hеsabına ödənilir. Muxtar respublikanın ərzaq və enerji təhlükəsizliyi tam təmin edilib. Naxçıvan mühüm turizm mərkəzlərindən birinə çevrilməkdədir. Bütün bu nailiyyətlərə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin davam etdirilməsi sayəsində nail olunub.

YAP Naxçıvan Naxçıvan Muxtar Respublikası Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov “Ümummilli lider Heydər Əliyev və Yeni Azərbaycan Partiyası” mövzusunda çıxış edib. Yeni Azərbaycan Partiyasının XX əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə cərəyan edən mürəkkəb ictimai-siyasi şəraitdə siyasi səhnəyə qədəm qoyduğunu qeyd edən Anar İbrahimov deyib ki, müstəqillik ərəfəsində və istiqlaliyyətin ilk illərində cəmiyyətdəki total xaosun səbəb olduğu vətəndaş itaətsizliyi, xüsusən keçmiş SSRİ-nin tənəzzülü prosesində Azərbaycana “miras” qoyulmuş ağrılı ərazi bütövlüyü problemi dövlət müstəqilliyimizin ilk illərinin səciyyəvi cəhətləri idi. Belə bir həlledici şəraitdə Azərbaycan cəmiyyətində xalqımızın yekdil inamını qazanaraq, ölkəni düşdüyü dərin siyasi böhrandan, fəlakət həddinə çatmış sosial-iqtisadi geriləmədən, uğursuz xarici siyasətin nəticəsi olan beynəlxalq aləmdəki təklənmədən xilas edəcək yeni, ümummilli siyasi qüvvənin yalnız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ulu öndər Heydər Əliyevin rəhbərliyində yaranacağı labüd idi. Bu baxımdan 25 il əvvəl ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv tarixi zərurət idi.

“1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər tanınmış ziyalısının ümummilli lider Heydər Əliyevə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciəti partiyanın təşkili istiqamətində ilk tarixi addım oldu”, – deyən YAP Naxçıvan Naxçıvan Muxtar Respublikası Təşkilatının icra katibi bildirib ki, Ulu Öndər müraciətə cavabında ölkəmizin qarşısında duran təxirəsalınmaz vəzifələri çox düzgün müəyyənləşdirərək Yeni Azərbaycan Partiyasının yaranmasının zəruriliyini vurğulayıb və onun fəaliyyətində iştiraka hazır olduğunu bəyan edib. 1992-ci il noyabrın 21-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında ölkənin ayrı-ayrı bölgələrindən cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən 550 nəfərdən artıq nümayəndənin iştirakı ilə təsis konfransı keçirilib. Konfransda ümummilli lider Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçilib, təşkilatın Nizamnaməsi və Proqramı qəbul edilib. O zamankı siyasi iqtidarın partiyanın yaranması və fəaliyyəti üçün yaratdığı bütün əngəllərə baxmayaraq, 1992-ci il dekabrın 18-də Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydə alınıb.

Vurğulanıb ki, hazırda 670 mindən çox üzvü olan ölkənin bu nəhəng partiyasının ən mübariz təşkilatlarından biri də 8 rayon və şəhər təşkilatını, 501 ərazi ilk partiya təşkilatını əhatə edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatıdır. Bu gün onun sıralarında cəmləşən partiya üzvlərinin əsas hissəsini təşkil edən gənclər və qadınlar muxtar respublikanın sosial-iqtisadi və ictimai-siyasi həyatında əsas hərəkətverici qüvvəyə çevrilib. 1992-ci ildə, partiyanın yarandığı ilk günlərdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı 1118 nəfəri birləşdirirdisə, hazırda muxtar respublikada partiya üzvlərinin sayı 51 min 908 nəfərdir ki, bu da muxtar respublikanın siyasi fəal əhalisinin təxminən 20 faizi deməkdir.

Anar İbrahimov Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyətə başlamasını ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsinin ən mühüm hadisələrindən biri adlandıraraq qeyd edib ki, əgər 1993-cü ilin 15 iyun tarixi Ümummilli Liderimizin ölkəmizin xilası naminə başladığı Milli Qurtuluş tarixinin başlanğıcıdırsa, 1991-ci ilin 3 sentyabr tarixi də ulu öndər Heydər Əliyevin Naxçıvanın xilası naminə başladığı çətin və şərəfli yolun başlandığı gündür.

Konfrans iştirakçıları tədbirin sonunda “Ulu torpaq, Ulu Öndər” filminə baxıb, Heydər Əliyev Muzeyinin ekspozisiyası ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.