REGİONLAR
Müstəqil Azərbaycanın inkişafı ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamıdır
Ağstafa, 24 noyabr, Famil Quliyev, AZƏRTAC
Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün tədris edilən “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında dərslər davam edir.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən növbəti dərsdə texniki humanitar lisey və Qıraq Kəsəmən kənd tam orta məktəbindən 54 şagird iştirak edib. Dərs Qıraq Kəsəmən tam orta məktəbin tarix müəllimi Pərvanə Poladova tərəfindən keçirilib.
Dərsdə şagirdlərə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verilib. Şagirdlərin diqqətinə çatdırılıb ki, müstəqil Azərbaycan dövləti Ulu Öndərin şah əsəridir. Belə ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə dahi şəxsiyyətin yenidən hakimiyyətə qayıdışı dövlət müstəqilliyimizi hər bir təhlükədən xilas etdi. Ölkənin ağır vəziyyətdə olan iqtisadiyyatı dirçəlməyə başladı. Müstəqil dövlətin ordu quruculuğunda mühüm addımlar atıldı. Ölkə tənəzzüldən tərəqqiyə doğru addımlamağa başladı.
Bildirilib ki, Ümummilli Liderin uzaqgörən siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyada söz sahibinə çevrilib, günü-gündən inkişaf edir və qüdrətli bir dövlətə çevrilir.
Tədris zamanı şagirdlər Ulu Öndərin ömür yolu və zəngin siyasi fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.