Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Müstəqil, qüdrətli, müasir Azərbaycan dövlətinin banisi

Bakı, 11 dekabr, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyi, qətiyyəti və müdrikliyi sayəsində müstəqil Azərbaycan dövlətinin təməli qoyuldu, dünyanı heyrətləndirən bugünkü gerçəkliklərin, gələcəyə aparan uğurlu yolun parametrləri müəyyənləşdirildi.

Yazıya bu fikirlə başlamağımız səbəbsiz deyil: Həyata keçirilən siyasətin nəticələri dövlətin uğurlar tarixinə çevriləndə sabaha ümidlər daha da artır. Milli lider həyatda olmasa da, onun siyasi xətti əbədiləşir, yəni siyasi idarəçilik nəzəriyyəsinə, alternativi olmayan dövlətçilik fəlsəfəsinə çevrilir, daha dəqiq desək, “əbədiyaşar lider” zirvəsinə yüksəlir. Bir-birini əvəzləyən nəsillər yenidən bu siyasi irsi öyrənir, növbəti nəsillərə çatdırır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevi “əbədiyaşar lider” zirvəsinə yüksəldən də Onun dövləti, xalqı qarşısındakı xidmətləri, bu günümüzə və gələcəyimizə bələdçilik edən ideyalarıdır. Məhz bu ideyaların gerçəkləşdirilməsi istiqamətində atılan addımların nəticəsidir ki, bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, qarşıdakı 10 ildə Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz reallıqdır. Hansı sahəyə diqqət yetirsək əldə olunan uğurlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu təhlillər əsasında ümummilli lider Heydər Əliyevin xidmətlərinin əvəzsizliyini görürük. Ərazi baxımından kiçik olan Azərbaycan Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində böyük uğurları ilə dünyanın diqqət mərkəzindədir. Azərbaycan xalqının milli ifadəsini Heydər Əliyev fenomenindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişafı yoluna işıq saçan əbədi bir mayakdır. Ona görə də ümummilli lider Heydər Əliyev qəlblərdə daim yaşayır və yaşayacaq. Azərbaycan xalqının Heydər Əliyev yoluna inamı əbədidir.

Dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, müasir müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Onun xidmətlərini obyektiv dəyərləndirmək üçün müstəqilliyimizin ilk illərində yaşananları xatırlatmağa böyük zərurət duyulur. Ölkə artıq dağılır, parçalanırdı. Xaos, anarxiya hökm sürürdü. Belə bir çətin dövrdə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyini əbədi etdi.

Hələ hakimiyyətinin birinci dövründə Azərbaycana intibah mərhələsini yaşadan, respublikanı aqrar diyardan inkişaf etmiş sənaye ölkəsinə çevirən Heydər Əliyev irsi hər zaman öyrənilməyə ehtiyac duyulan təcrübəli, əvəzolunmaz dövlət xadimi idi. Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəl bildirmişdir ki, Azərbaycan xalqının bəxti onda gətirib ki, onun Heydər Əliyev kimi lideri var. Xalq şairi Məmməd Araz “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı” sözlərini sanki Ulu Öndərimiz üçün yazmışdır. Qanında azərbaycançılıq ideyalarını yaşadan Ulu Öndər üçün Azərbaycan bir müqəddəs yer, alınmaz qala, keçilməz sədd idi. 1990-cı il yanvarın 20-də Sovet qoşunlarının Bakıda törətdikləri qanlı faciə ilə əlaqədar ertəsi gün özünə qarşı yönələn təhdid və təzyiqlərə baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirib bəyanatla çıxış edəndə də, xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb edəndə də, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etirazını bildirəndə də əbədiyaşar liderimizə güc, qüvvət verən xalqına bağlılığı, torpaq, el, oba məhəbbəti idi.

Ulu Öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi dövlətçiliyimizin atributu olan üçrəngli bayrağımızın bərpasını vətəndaşlıq borcu adlandıranda da böyük qətiyyət göstərərək Azərbaycan naminə canından belə keçməyə hər an hazır olduğunu bildirmişdi.

1993-cü ildə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyev fenomeni qarşısında acizliklərini hiss etsələr də, xalqın tələbi ilə Onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. İyunun 9-da Bakıya qayıdışı ilə Azərbaycan dövlətçiliyinin xilaskarı kimi xalqa qurtuluş yolunda bələdçilik edən ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Onun üçün ən böyük sevinc xalq etimadı, Azərbaycanın müstəqilliyi, azadlığı, suverenliyi idi. Birinci hakimiyyəti illərində iqtisadi və mədəni tənəzzül dövrünü yaşayan Azərbaycanı qırmızı bayraqlar ölkəsinə çevirən ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı, siyasi bacarığı, müdrikliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onların qəlbində sabaha inam hissi yaratmağı bacardı. AXC-Müsavat cütlüyünün iqtidarı dövründə Azərbaycanı parçalamaq, yenidən xanlıqlara bölmək istəyənlərin xəyanətkar niyyətlərini müdrikcəsinə başa düşərək, dövlətçilik təcrübəsinə və ən çox inandığı xalqına güvənərək ölkəmizi uçurumdan xilas etdi. Surət Hüseynov kimi “Milli Qəhrəmanın” xofundan qorxub ölkəni başsız buraxaraq qaçıb gizlənən səbatsızların səriştəsizliyi üzündən sabaha gümanını itirən insanlara yaşam sevincini bəxş edən əsl millət fədaisi kimi ürəyinin odu ilə sönmüş ümidlərə nur çilədi, ziya bəxş etdi. O nur ki, şölələri bu gün də müasir müstəqil Azərbaycanın işıqlı sabaha doğru uzanan yoluna işıq salır.

Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir imkanları böyük olan ulu öndər Heydər Əliyev həmişə öz sözü, bacarığı ilə seçilmişdir. Ümumxalq məhəbbəti qazanmış, onun bitməz-tükənməz enerjisi xalqı yaradıcılıq uğurlarına ruhlandırmışdır. Olduqca mürəkkəb bir dövrdə xalqına xidmət edən, müstəqilliyimizi qoruyan ulu öndər Heydər Əliyev ən bacarıqlı dövlət xadiminin edə bilmədiyini qətiyyəti sayəsində gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı nümayiş etdirərək tanınmış siyasi xadimlər sırasında əbədi yerini tutmuşdur. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada əvəzsiz rolunu və xidmətini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini möhkəmləndirmiş, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün tarixi xidmətlərinə yeni səhifələr əlavə etdi. Ümummilli Liderin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi islahatlar artıq Azərbaycanın gerçəkliyinə çevrilir. Onun fəaliyyəti də, şəxsiyyəti də müasir Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Bu müdrik siyasət Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətində yeni keyfiyyətlərlə davam etdirilir.

Ulu öndər Heydər Əliyev müstəqillik yollarında ilk addımlarını atan ölkələrin qarşısında dayanan vəzifələrdən geniş bəhs edərkən xaricdə varlığını təsdiqləməsi üçün ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulmasını xüsusi qeyd edirdi. Uğurlu daxili siyasət nəticəsində ölkədə yaradılan sabitlik və normal iqtisadi mühit bu əlaqələrin qurulmasında və genişləndirilməsində mühüm rol oynadı. Azərbaycan çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Təbii ki, bu uğurumuz ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasına əsaslanır. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsinin təmin edilməsi, ən əsası iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyərin verilməsi 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə nəticələndi. Ulu Öndərin səyləri nəticəsində imzalanan bu saziş ölkəmizin iqtisadi imkanlarının genişlənməsinə, dünya iqtisadi sisteminə inteqrasiyasının sürətlənməsinə geniş yol açdı. Sonrakı mərhələlərdə yeni-yeni sazişlərə imza atıldı, Azərbaycan bu layihələrin əsas iştirakçısı və təşəbbüsçüsü kimi nüfuz qazandı. Bu müdrik siyasətin nəticəsidir ki, Azərbaycan zəngin ehtiyatlara malik neft-qaz ölkəsi kimi müasir dünyanın enerji bazarında böyük rol oynayır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın iştirakı və razılığı olmadan regionda heç bir qlobal enerji, nəqliyyat layihəsi həllini tapa bilməz. BTC, BTƏ, BTQ kimi neft-qaz kəmərləri, nəqliyyat infrastrukturu layihələri dünya birliyində ölkəmizin önəmini artırır. Artıq bu gün TAP, TANAP, “Cənub” qaz dəhlizindən bəhs edilir, Azərbaycanın qarşıdakı illərdə dünyanın enerji təhlükəsizliyinin təminatında rolunun daha da artacağı barədə xoş fikirlər səsləndirilir. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr xalqlar, dövlətlər arasında körpü rolunu oynayır, həmin ölkələrin uzunmüddətli iqtisadi inkişafına öz müsbət təsirini göstərir. Təbii ki, bu uğurlara yol açan əsas amil 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişinin imzalanmasıdır. Azərbaycan bu addımı ilə həm dünyaya sülhsevər bir ölkə olduğunu nümayiş etdirdi, eyni zamanda öz iqtisadi, siyasi imkanlarını artırmaq üçün yol açdı. İqtisadi tərəqqi digər sahələrdə uğurlu addımların atılmasını şərtləndirdi. Belə ki, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi bu gün müdafiə qüdrətli ilə fərqlənən Milli Ordumuz formalaşdı, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami Silahlı Qüvvələr yaradıldı. O da məlumdur ki, müstəqilliyimizin ilk illərində torpaqlarımızın işğalında əsas rol oynayan amillərdən biri məhz Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi idi. Dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə də problemlərin aradan qaldırılmasına, Azərbaycanın güclü ordusunun yaradılmasına geniş imkanlar açdı. Bu faktı da qeyd edək ki, hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünən ulu öndər Heydər Əliyev bu istiqamətdə bir sıra mühüm addımlar atmışdır ki, bunlardan da biri gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və həmin dövrdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması idi. Bu gün orduda xidmət edən zabitlərin böyük əksəriyyəti məhz həmin liseyin yetirmələridir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü orduya malik olmaq gərəkdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində diplomatik mübarizənin önəmi xüsusi qeyd olunur. Məhz Ulu Öndərin qətiyyətli siyasəti nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı, dünya dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycan həqiqətlərini düzgün dəyərləndirməyə səy göstərdilər. Ulu öndər Heydər Əliyevin xarici ölkələrə elə bir səfəri yox idi ki, orada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olmasın, Azərbaycanın tarixi faktlara əsaslanan mövqeyi bildirilməsin.

Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan milli Konstitusiyamız insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı. Sənəddə əksini tapan maddələrin üçdə iki hissəsinin insan hüquq və azadlıqlarının qorunmasına xidmət etməsi də bu diqqət və qayğıdan irəli gəlir. Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanda, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda ölkədə insan hüquqlarının qorunması, beynəlxalq standartlara uyğunlaşdırılması üçün çox mühüm icra mexanizmləri nəzərdə tutulmuşdur. Ümummilli lider Heydər Əliyev bildirmişdir: “Azərbaycan Respublikası öz həyatını demokratik prinsiplər əsasında quraraq daim çalışacaqdır ki, insan hüquqlarının qorunmasına əməl edilsin.”

Hüquqi, demokratik cəmiyyəti azad mətbuatsız təsəvvür etməyin mümkünsüzlüyünü önə çəkən ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biri də məhz müstəqil mətbuatın inkişafı idi. Ümummilli Lider müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. 1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil mətbuatın inkişafı üçün geniş imkanlar açan ümummilli lider Heydər Əliyev imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. Məhz bu diqqət və qayğının bariz nümunəsi olaraq Ulu Öndər 2002-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür. Ulu öndər Heydər Əliyev bildirirdi ki, bizim ümumi məqsədimiz mətbuata daha çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir. Açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edən Ümummilli Lider jurnalistləri dövlət mükafatları, orden və medallarla təltif etməklə bildirirdi ki, KİV-lərə qayğı davamlı və sistemlidir.

Dövlətin siyasətində vətəndaş amilinin öndə dayanması atılan hər bir addımda özünü qabarıq şəkildə büruzə verir. Seçkilərdə vətəndaşlara sərbəst seçim hüququnun verilməsi də bu qayğıdan irəli gəlir. Ulu öndər Heydər Əliyev ölkədə keçirilən seçkilərin beynəlxalq standartlara uyğunluğunu təmin etmək üçün ciddi səylər göstərdi, dünya təcrübəsinin tətbiqinin vacibliyini bəyan etdi. 2003-cü ilin mayında Azərbaycan Hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, həmçinin Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlığı sayəsində Seçki Məcəlləsinin qəbulu da buna əyani sübutdur. Sənəd ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin beynəlxalq standartlara uyğun keçirilməsini təmin edir. Seçki Məcəlləsinə zaman-zaman dəyişikliklər edilir, bu və ya digər yeniliklər sənəddə öz əksini tapır.

Bütün bunlar Azərbaycanın demokratiya yolunda inamla irəlilədiyinin təsdiqidir. Demokratiyanın qanunun aliliyinin, ictimai-siyasi sabitliyin mövcudluğu şəraitində inkişaf etdiyini önə çəkən dövlətimiz daim bu istiqamətdə təkmil qanunların qəbuluna və icrasına çalışır. Bir faktı da böyük inam və qətiyyətlə qeyd etmək lazımdır ki, Azərbaycanın bugünkü inkişafına, demokratiya yolunun işıqlı olmasına səbəb uğurlu daxili siyasət nəticəsində ölkəmizin sabitlik diyarına çevrilməsidir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, sabitlik olmasa, heç bir inkişafdan, sosial-iqtisadi proqramların icrasından söhbət gedə bilməz. Sabitlik bütün inkişafın təməlidir. Azərbaycanın demokratik dəyərlərə sadiqliyinin bariz nümunəsi 2001-ci ilin yanvarında dünyanın nüfuzlu təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması oldu. Ulu öndər Heydər Əliyevin səyləri və qətiyyəti sayəsində bu yolda olan maneələr aradan qaldırıldı, istər daxili, istərsə də xarici bədxahlarımızın cəhdlərinin qarşısı alındı, ölkəmiz bu quruma tamhüquqlu üzv qəbul olunmaqla demokratik prinsiplərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini dünyaya nümayiş etdirdi.

Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edərkən ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradıcısı olduğunu xüsusi qeyd etməliyik. Ulu öndər Heydər Əliyevin “YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır” fikri ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan, illər keçdikcə sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənən, ən başlıcası milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının dünəninə, bu gününə və gələcəyinə bələdçilik edir. 1992-ci ildə xalqın istəyi, zamanın tələbi ilə yaradılan Yeni Azərbaycan Partiyası bütün dövrlərdə öz siyasi xəttinə sadiq olmuş, dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul etmişdir. Arxada qalan hər gün, hər ay, hər il baş verən hadisələri daha düzgün təhlil etmək, dəyərləndirmək üçün əlavə imkanlar yaradır. Yeni Azərbaycan Partiyasının yaradıldığı dövrdə ölkənin hansı durumda olduğu yaddaşlardadır. Tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyası ölkəmizin uğurlarının bələdçisi və fəal iştirakçısıdır. Dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu YAP möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi, möhkəmlənməsi istiqamətində ciddi səylər göstərir. Bu günümüzün reallıqları ulu öndər Heydər Əliyevin partiyanın yaradılması ilə bağlı xalqın böyük əksəriyyətinin istəyini ifadə edən “91-lər”in müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabında ifadə etdiyi inamın təsdiqidir: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.” Yeni Azərbaycan Partiyası 23 illik fəaliyyəti dövründə bu inam və etimadı doğrultmağa çalışmış və ölkəmizin uğurlarına töhfəsi ilə qürur duymuş, gələcəyə doğru daha böyük inamla irəliləmişdir. Bu gün sıralarında 670 minə yaxın üzvü birləşdirən YAP-ın cəmiyyətdə artan nüfuzu ölkədə keçirilən seçki proseslərində onun qələbəsini də şərtləndirir. Son parlament seçkiləri YAP-ın nüfuzuna, xalqın bu partiyaya dəstəyinə bir daha işıq saldı. Yeni hədəflərə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası ölkəmizin daha da qüdrətlənməsinə, möhkəmlənməsinə, xalqın rifahının yüksəlməsinə öz töhfələrini vermək istiqamətində əzmlə fəaliyyət göstərir.

Qeyd etdiklərimiz ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərinin yalnız az bir hissəsidir. Ulu Öndərin xidmətləri barədə xeyli sayda kitablar yazılıb və yazılmaqdadır. Hər bir nəşr yeni araşdırma olmaqla dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı sahələrinə işıq salır. Ümumi fikir budur ki, Azərbaycanın uğurlu gələcəyi üçün möhkəm təməl yaradan ulu öndər Heydər Əliyev, eyni zamanda, 2003-cü ildə xalqa müraciəti ilə bir daha dövlətinin, xalqının gələcəyinin etibarlılığını təmin etdi. Son 12 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə zəmin yaratdı. Ulu öndər Heydər Əliyev Azərbaycanın dünyaya günəş kimi doğmasını arzulayırdı. Bu istək artıq gerçəklikdir. Ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda layiqincə təmsil olunur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olan beynəlxalq ictimaiyyətin ölkəmizin mövqeyini qətiyyətlə dəstəkləməsi bu sahədə misilsiz xidmətlər göstərən Heydər Əliyev siyasətini davam etdirən Prezident İlham Əliyevin diplomatik uğurlarıdır. Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi böyük uğurdur. Ümummilli liderin qurduğu müasir müstəqil Azərbaycan bu gün artıq dünyanın inkişaf etmiş dövlətlərindən biri kimi regionda söz sahibinə çevrilib. Azərbaycan islahatçı, iqtisadi möcüzələr ölkəsi, beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi tanınır. Cari ilin iyununda ilk Avropa Oyunlarına ev sahibliyi etməklə dünyanın diqqətini özünə yönəldən Azərbaycan inkişafı ilə qonaqlarını heyrətləndirdi. Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində keçirilən “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatları Azərbaycan reallıqlarının, eyni zamanda, bu mühüm idman bayramının təbliğində əhəmiyyətli rol oynadı. Hazırlığın səviyyəsini yüksək qiymətləndirən Beynəlxalq və Avropa Olimpiya Komitələrinin nümayəndələri bu inamı ifadə edirdilər ki, Azərbaycanda ilk Avropa Oyunları yay Olimpiya Oyunları səviyyəsində keçiriləcək. Bu inam özünü doğrultdu. Möhtəşəm açılış və bağlanış mərasimlərinin kompozisiyası sülhü, humanizmi, insanlar, sivilizasiyalar arasında barışığı, Şərq və Qərbin harmoniyasını əks etdirdi. “Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır. Qoy, Tanrı Azərbaycanı hər zaman qorusun” söyləyən birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva Azərbaycanın iqtisadi sabitliyi və davamlı inkişafı fonunda bu inamı ifadə etdi ki, gələn illərdə Avropa Oyunlarının məşəli nə qədər uzaqlarda alovlansa da, Azərbaycanın və “Bakı-2015”in parlaq ruhunun atəşi orada olacaq. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki “Bakı 2015”i uzun yolun ən vacib nöqtəsi kimi dəyərləndirərək qeyd etdi ki, idman və Olimpiya hərəkatının gənc dövlətin sürətli inkişafının mərkəzində dayanmasına daim səy göstərən Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın qətiyyətli mövqeyi hazırlıq işlərinin aparıcı qüvvəsi oldu.

Təbii ki, bu kimi ürəkaçan fikirlər müasir müstəqil Azərbaycanımızın uğurlu gələcəyinə inama əsaslanır. Azərbaycanın uğurlarının digər əsas təqdimatı dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə qəbul olunan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn tədbirlərin uğurlu icrası və bu Konsepsiyada əksini tapan hədəflərdir. Azərbaycanı uğurlarımıza söykənərək qarşıdakı illərdə inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz bir daha belə bir reallığı ortaya qoyur ki, xalq-iqtidar birliyinin möhkəm olduğu ölkəmizdə hər bir hədəfin gerçəkləşməsi qaçılmazdır. Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir. Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!

Vüqar Rəhimzadə

YAP Siyasi Şurasının üzvü,

“İki sahil” qəzetinin baş redaktoru,

Əməkdar jurnalist

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir