SİYASƏT
“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı olub
Bakı, 17 oktyabr, Günel Məlikova, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli kitabda müstəqillik dövrü ədəbiyyatının təşəkkülü, formalaşması, ümumi xüsusiyyətləri və müasir inkişaf tendensiyalarının araşdırıldığını, əsas yaradıcı simalarına oçerklərin həsr olunduğunu bildirib. Qeyd olunub ki, ötən 25 ildə Respublikamızda bütün sahələrdə olduğu kimi, elmin də inkişafına dövlət tərəfindən böyük şərait yaradılıb. Müstəqillik dövrü ədəbiyyatını yetirən ictimai-siyasi və tarixi-mədəni durumu səciyyələndirən akademik ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının taleyində xilaskarlıq missiyasından və yeni dövr ədəbiyyatının formalaşmasındakı tarixi rolundan danışıb. Müasir ədəbiyyatın layiqli yer tutmasında Prezident İlham Əliyevin Ulu Öndərin quruculuq missiyasını davam və inkişaf etdirdiyi vurğulanıb.
Qeyd olunub ki, 2015-ci il noyabrın 9-da AMEA-nın yaradılmasının 70 illik yubileyində söylədiyi nitqində Prezident İlham Əliyev alimlərimizə Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə kitab yazmağı tövsiyə edib. Dövlətimizin başçısının tövsiyəsinə əsasən AMEA tərəfindən dövlət müstəqilliyimizin 25 illiyinə “Müstəqillik yollarında” adlı kitab həsr olunub. “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı isə Ədəbiyyat İnstitutunun ədəbi-mədəni ictimaiyyətə yubiley hədiyyəsi, eyni zamanda, müstəqil dövlətçiliyimizin 25 illiyinə elmi hesabatıdır.
Sonra kitabın məsul redaktoru, filologiya elmləri doktoru Tehran Əlişanoğlunun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı: mərhələlər, problemlər, simalar” mövzusunda məruzəsi dinlənib. Məruzədə müstəqillik dövrü ədəbiyyatının müxtəlif problemlərindən ətraflı danışılıb. Qeyd olunub ki, nəşrdə 15 fəsil, onlarla icmal və portret oçerk, yüzdən çox yarımbaşlıq yer alıb. Kitab müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeniliyini, zənginliyini və təkrarsızlığını ortaya çıxarır.
Digər çıxış edənlər də müstəqillik dövrünün bədii ədəbiyyat və ədəbiyyatşünaslıq qarşısında açdığı geniş imkanlardan və kitabın əhəmiyyətindən danışıblar.
Akademik İ.Həbibbəylinin rəhbərliyi ilə iki cilddə, iri həcmdə (1890 səhifə) hazırlanmış kitab monoqrafik səciyyə daşıyır.
“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabında icmal oçerklər də geniş yer almaqla yanaşı, əllidən çox yazıçı və şair haqqında portret oçerklər də verilib. İkicildlik “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı Ədəbiyyat İnstitutunun eyniadlı şöbəsində, digər şöbələrin əməkdaşlarının da fəal iştirakı ilə hazırlanıb. Ümumilikdə, kitab üzərində 45 müəllif işləyib.
Kitabın elmi redaktoru akademik İ.Həbibbəyli, məsul redaktoru T.Əlişanoğludur.